Bakı. Trend:
Dünyada hər üç nəfərdən biri sağlam qidalanmağa maddi imkan tapmır. BMT-nin beş qurumunun hazırladığı illik hesabatda bildirilir ki, 2,69 milyard insan enerji və qida ehtiyaclarını ödəyən müxtəlif və sağlam pəhriz saxlaya bilmir.
Xarici mediada yayımlanan məlumata görə, “Dünyada Ərzaq Təhlükəsizliyi və Qidalanmanın Vəziyyəti 2026” adlı hesabatda qeyd olunur ki, 2030-cu ilədək qlobal miqyasda “sıfır aclıq” hədəfinə çatmaq üçün böyük iş görülməlidir.
Hesabata görə, qlobal aclıq 2025-ci ildə ardıcıl üçüncü il azalıb. Ötən il dünya əhalisinin 7,8 faizi aclıqdan əziyyət çəkib. Bu göstərici 2024-cü ildə 8,1 faiz təşkil edib. Afrikada isə uzun müddət davam edən aclığın artım tendensiyasının dayandığına dair əlamətlər müşahidə olunub.
Bununla belə, hesabat müəllifləri sağlam qidalanmağa maddi imkanı olmayan insanların sayının hələ də “son dərəcə yüksək” olduğunu bildirirlər.
"Sağlam qidanın əlçatanlığının artırılması üçün, xüsusilə meyvə, tərəvəz və süd məhsullarının qiymətlərinin aşağı salınmasına yönəlmiş tədbirlərin görülməsinin vacibdir", - Qida və Kənd Təsərrüfatı Təşkilatının baş iqtisadçısı Maksimo Torero vurğulayıb.
Hesabata əsasən, sağlam pəhrizin gündəlik orta dəyəri alıcılıq qabiliyyəti pariteti (PPP) ilə 4,28 ABŞ dolları təşkil edir. Bu göstərici ölkələr üzrə yerli valyutada sağlam pəhrizin ABŞ-da 4,28 dolların alıcılıq gücünə bərabər olan məbləğdə başa gəldiyini ifadə edir.
Hesabatda, həmçinin piylənmə ilə bağlı göstəricilərin artdığı qeyd olunur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, yetkinlər arasında piylənmə səviyyəsi 2012-ci ildəki 12,1 faizdən 2024-cü ildə 16,2 faizə yüksəlib.
Qeyd edək ki, hesabat Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), UNICEF, BMT-nin Ümumdünya Ərzaq Proqramı və Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu tərəfindən hazırlanıb.
