Dövlət Neft Fondunun investisiya portfelində xarici valyutaların payı açıqlanıb

İqtisadiyyat Materials 23 İyul 2026 13:58 (UTC +04:00)
Dövlət Neft Fondunun investisiya portfelində xarici valyutaların payı açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin iyulun 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin dəyəri 72 milyard 595,1 milyon ABŞ dolları təşkil edib.

Bu barədə ARDNF-nin məlumatında bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 6 milyard 79,9 milyon ABŞ dolları və ya 9,1% artım deməkdir.

Hesabat dövrünə ARDNF-nin investisiyalarının 69,7%-i və ya 50,566 milyardı ABŞ dollarındadır. Bu, ötən ilin eyni dövrünə nisbətən 3,2 faiz bəndi çoxdur.

Eyni zamanda fondun investisiya portfelində avronun payı bir il əvvəlki göstərici ilə müqayisədə 20,9%-dən 17,7%-ə və ya 11,280 milyard avroya enib.

İnvestisiya portfelində ingilis funt sterlinqinin payı 4,9% və ya 2,690 milyard funt sterlinq təşkil edib ki, bu da illik müqayisədə 0,2 faiz bəndi azdır.

Həmçinin bu ilin iyulun 1-nə ARDNF-nin investisiya portfelində Çin yuanının payı 0,1 faiz bəndi azalaraq 2,3% (11,571 milyard), Yapon yeninin payı 0,1 faiz bəndi artaraq 1,5% (174,309 milyon), digər xarici valyutaların payı isə 0,2 faiz bəndi artaraq 3,9% (2,845 milyard dollar ekvivalentində) təşkil edib.

Bu arada, ARDNF-nin beynəlxalq investisiya platformalarında iştirakının strateji əhəmiyyəti də diqqət çəkir. "Galaxy Orientis" Çin–ASEAN İnvestisiya Platformasının (CAIP) idarəedici tərəfdaşı olan "CGS International Securities" şirkəti Fondun platformaya mühüm institusional dəyər qatdığını bildirib.

"ARDNF platformaya xüsusi institusional baxış gətirir. Fond müxtəlif geosiyasi mühitlərdə uzunmüddətli investisiyalar həyata keçirmək təcrübəsinə və karbohidrogen gəlirlərinin idarə edilməsindən formalaşmış mürəkkəb portfel quruculuğu yanaşmasına malikdir", – deyə "CGS International Securities" şirkətinin Aktivlərin İdarə Edilməsi üzrə Qrup rəhbəri Ceyms Onq (James Ong) Trend-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ARDNF eyni zamanda Asiyada geniş özəl investisiya təcrübəsinə malik olan Çin İnvestisiya Korporasiyası (CIC) və İndoneziya İnvestisiya Qurumu (INA) ilə əməkdaşlıqdan, eləcə də çoxtərəfli suveren investisiya platformasında fəaliyyət göstərməyin yaratdığı institusional üstünlüklərdən faydalanır.

"Bu cür suveren əməkdaşlıq artıq birtərəfli kapital axını deyil, bütün iştirakçı fondlara fayda verən model kimi qəbul edilir", – deyə Ceyms Onq vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti