Orta Dəhliz Avropanın iqtisadi təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır - Alman Marşall Fondu

İqtisadiyyat Materials 22 İyul 2026 18:41 (UTC +04:00)
Orta Dəhliz Avropanın iqtisadi təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır - Alman Marşall Fondu
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Orta Dəhliz Avropa üçün yalnız nəqliyyat və logistika marşrutu deyil, eyni zamanda iqtisadi təhlükəsizliyi gücləndirən, təchizat zəncirlərini şaxələndirən və Avropa İttifaqının geosiyasi maraqlarını dəstəkləyən strateji alət kimi qiymətləndirilməlidir.

Bunu Alman Marşall Fondunun (German Marshall Fund - GMF) Brüssel ofisinin qeyri-rezident baş elmi işçisi Kadri Taştan "Rethinking the Middle Corridor: The Route Is a Strategic Instrument for Europe's Wider Neighborhood" ("Orta Dəhlizə yenidən baxış: Marşrut Avropanın daha geniş qonşuluğu üçün strateji alətdir") adlı məqaləsində yazıb.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi, Qırmızı dənizdə yaranan təhlükəsizlik problemləri, iqtisadi təhlükəsizliklə bağlı narahatlıqlar və təchizat zəncirlərinin dayanıqlığının artırılması zərurəti Avrasiya üzrə alternativ nəqliyyat marşrutlarına marağı əhəmiyyətli dərəcədə artırıb.

"Hökumətlər səmərəliliklə yanaşı dayanıqlığa da üstünlük verdikcə, bağlantılar artıq yalnız kommersiya layihəsi kimi deyil, asılılıqları azaltmağa, iqtisadi təhlükəsizliyi gücləndirməyə və daha geniş geosiyasi məqsədləri dəstəkləməyə xidmət edən strateji aktiv kimi qiymətləndirilir", – deyə müəllif vurğulayıb.

Kadri Taştan hesab edir ki, Avropa İttifaqı Orta Dəhlizə ilk növbədə, infrastruktur layihəsi kimi deyil, eyni vaxtda bir neçə strateji məqsədə xidmət edən geoiqtisadi alət kimi yanaşmalıdır. Onun fikrincə, bu marşrut Aİ-nin “Global Gateway” strategiyasını, kritik xammala çıxış imkanlarını, iqtisadi təhlükəsizlik gündəliyini və Mərkəzi Asiya ilə Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığını gücləndirə bilər.

Məqalədə qeyd olunur ki, Orta Dəhlizin əhəmiyyəti təkcə daşınan yüklərin həcmi ilə ölçülməməlidir.

"Orta Dəhliz mövcud marşrutları əvəz etmək üçün deyil, Avropa və region ölkələri üçün daha çox strateji seçim yaratmaq, əlaqəliliyi və iqtisadi dayanıqlığı artırmaq üçün qiymətləndirilməlidir", – deyə müəllif yazıb.

Kadri Taştanın fikrincə, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri üçün dəhliz yalnız tranzit gəlirləri deyil, həm də xarici iqtisadi tərəfdaşların şaxələndirilməsi, investisiyaların cəlbi, qlobal dəyər zəncirlərinə inteqrasiya və iqtisadi suverenliyin möhkəmləndirilməsi baxımından mühüm imkanlar yaradır.

Müəllif Türkiyənin də Orta Dəhlizi regional logistika, istehsal, enerji və nəqliyyat mərkəzinə çevrilmək strategiyasının əsas elementlərindən biri kimi qiymətləndirdiyini qeyd edib. Onun sözlərinə görə, Ankara bu marşrutu Fars körfəzi ilə Avropanı birləşdirəcək “Development Road” layihəsi ilə birlikdə regional əlaqəliliyin inkişafı baxımından strateji təşəbbüs hesab edir.

Məqalədə bildirilir ki, Avropa İttifaqı ilə Türkiyə arasında əməkdaşlığın gücləndirilməsi Orta Dəhlizin uğurlu inkişafı üçün əsas şərtlərdən biridir.

"Orta Dəhliz Avropa İttifaqı və Türkiyə arasında iqtisadi təhlükəsizlik, təchizat zəncirlərinin şaxələndirilməsi, enerji əməkdaşlığı və kritik xammal sahəsində ortaq maraqlar əsasında daha praqmatik tərəfdaşlığın formalaşdırılması üçün real platforma yaradır", – deyə Kadri Taştan vurğulayıb.

Bununla yanaşı, müəllif qeyd edir ki, dəhlizin tam potensialının reallaşdırılması üçün Xəzər dənizində nəqliyyat imkanlarının genişləndirilməsi, liman və dəmir yolu infrastrukturunun inkişaf etdirilməsi, gömrük prosedurlarının uyğunlaşdırılması, rəqəmsallaşmanın sürətləndirilməsi və iştirakçı ölkələr arasında koordinasiyanın gücləndirilməsi vacibdir.

"Geosiyasi parçalanma və təchizat zəncirlərində təkrarlanan pozuntular fonunda Orta Dəhlizin əsas üstünlüyü hər hansı bir marşrutdan və ya coğrafiyadan asılılığı azaltması, Avrasiyada daha dayanıqlı və şaxələndirilmiş əlaqəlilik sisteminin formalaşmasına töhfə verməsidir", – deyə məqalədə qeyd olunub.

Qeyd edək ki, Alman Marşall Fondu (German Marshall Fund of the United States – GMF) ABŞ və Avropa arasında transatlantik əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyət göstərən müstəqil, qeyri-partiyalı analitik mərkəzidir. Baş qərargahı Vaşinqtonda yerləşən qurumun Berlin, Brüssel, Paris, Varşava, Belqrad, Buxarest və Ankarada ofisləri, London və Madriddə nümayəndəlikləri fəaliyyət göstərir. GMF təhlükəsizlik, iqtisadi və texnoloji rəqabətqabiliyyəti, enerji, iqlim, ticarət və beynəlxalq siyasət sahələrində tədqiqatlar aparır, hökumətlər və beynəlxalq təşkilatlar üçün analitik tövsiyələr hazırlayır.

Kadri Taştanın qiymətləndirmələri Orta Dəhlizin Avropa üçün uzunmüddətli strateji əhəmiyyətini önə çıxarır. Eyni zamanda, Beynəlxalq Nəqliyyat Forumunun (ITF) Trend-ə verdiyi özəl açıqlama da marşrutun gələcək perspektivlərinə dair oxşar yanaşmanı ortaya qoyur.

Bu kontekstdə Beynəlxalq Nəqliyyat Forumu (ITF) nümayəndəsinin Trend-ə verdiyi özəl açıqlamada da vurğulanıb ki, Orta Dəhliz Asiya ilə Avropa arasında şaxələndirilmiş nəqliyyat marşrutu kimi strateji əhəmiyyətini qoruyub saxlayacaq.

Təşkilatın nümayəndəsinin sözlərinə görə, ABŞ ilə İran arasında uzunmüddətli sülhün bərqərar olması halında Türkmənistan və İran üzərindən keçən marşrutlar Mərkəzi Asiya ilə Fars körfəzi ölkələri, Türkiyə və Yaxın Şərq bazarları arasında yükdaşımaları üçün daha cəlbedici ola bilər.

"Tərəflər arasında münasibətlərin yaxşılaşması Türkmənistan və İran üzərindən keçən marşrutları, xüsusilə Mərkəzi Asiya ilə Fars körfəzi, Türkiyə və Yaxın Şərq bazarları arasında daşınan yüklər üçün daha cəlbedici edə bilər", – deyə ITF-dən bildirilib.

Forumda qeyd olunub ki, bəzi istiqamətlər üzrə İran ərazisindən keçən quru marşrutları Xəzər dənizi üzərindən daşımalarla müqayisədə əlavə yükləmə-boşaltma əməliyyatları, liman xidmətləri və bərə daşımaları tələb etmədiyindən əməliyyat baxımından üstünlüklər yarada bilər.

Bununla belə, ITF hesab edir ki, bu amillər Orta Dəhlizin strateji rolunu zəiflətmir.

"Orta Dəhliz həm Rusiyanı, həm də İranı yan keçməyə imkan verən Asiya ilə Avropa arasında şaxələndirilmiş marşrut kimi strateji dəyərini qoruyub saxlayacaq. O, Avrasiya nəqliyyat əlaqələrinin inkişafı çərçivəsində bundan sonra da mühüm siyasi və investisiya dəstəyindən yararlanacaq", – deyə təşkilatdan bildirilib.

ITF-nin təhlilinə əsasən, Ukraynadakı müharibədən sonra qlobal logistika zəncirlərində yaranmış dəyişikliklər fonunda Orta Dəhliz Şimal Dəhlizinə ən real alternativə çevrilib.

"Lakin onun uzunmüddətli rəqabət qabiliyyəti mövcud əməliyyat darboğazlarının aradan qaldırılmasından asılıdır", – deyə təşkilat əlavə edib.

Forumun qiymətləndirməsinə görə, marşrutların müxtəlif inkişaf ssenariləri Türkmənistan üçün də əlavə imkanlar yaradır.

"Türkmənistan hər iki variantdan potensial olaraq fayda əldə edə bilər. Ölkə həm Xəzər dənizi vasitəsilə Azərbaycan istiqamətinə uzanan marşrutlar, həm də İran üzərindən cənuba keçən marşrutlar üçün tranzit ölkə rolunu oynaya bilər", – deyə ITF-dən bildirilib.

Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti