Süni intellekt jurnalistikanı asanlaşdıra bilər, amma insan faktorunu əvəz edə bilməz - Rəşad Bayramov

Cəmiyyət Materials 22 İyul 2026 15:37 (UTC +04:00)
Süni intellekt jurnalistikanı asanlaşdıra bilər, amma insan faktorunu əvəz edə bilməz - Rəşad Bayramov
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Süni intellekt jurnalistlərin işini sürətləndirə və asanlaşdıra bilər, lakin onların peşəkar fəaliyyətini, mediada insan faktorunu tam əvəz edə bilməz.

Trend-in təlimdəki müxbiri xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov “AI for Media” təlimində çıxışı zamanı deyib.

O bildirib ki, jurnalistikanın əsas missiyası həqiqətin axtarışı ilə yanaşı, məlumat mənbələri ilə peşəkar münasibətlərin qorunmasını da tələb edir və bu, medianın işini daha da çətinləşdirir.

“Mətbuat hər zaman qızıl orta nöqtəni tapmağa çalışıb. Bir tərəfdən cəmiyyəti narahat edən məsələləri araşdırmalı, digər tərəfdən isə məlumat aldığı qurumlarla peşəkar münasibətləri qorumalıdır ki, gələcəkdə də etibarlı informasiya əldə edə bilsin”, - deyə müşavir vurğulayıb.

R.Bayramov qeyd edib ki, son illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi media nümayəndələri ilə mətbuat konfransları, brifinqlər, tədbirlər və təlimlər vasitəsilə davamlı əməkdaşlıq qurub. Onun sözlərinə görə, bu əməkdaşlıq həm jurnalistlər üçün maarifləndirici məlumatların çatdırılmasına, həm də qarşılıqlı etimadın formalaşmasına xidmət edir.

Nazir müşaviri xatırladıb ki, Azərbaycanda son illərdə rəqəmsal inkişaf konsepsiyası, süni intellekt strategiyası və rəqəmsal inkişafın sürətləndirilməsinə dair fəaliyyət planı kimi mühüm sənədlər qəbul olunub. Bu səbəbdən jurnalistlərin rəqəmsal texnologiyalar sahəsində anlayış və terminologiyanı dərindən bilməsinin vacibliyini vurğulayıb.

R.Bayramov bildirib ki, “AI for Media” təlimində iştirakçılar prompt mühəndisliyi, süni intellekt sistemlərində hallüsinasiyaların qarşısının alınması, düzgün sorğuların hazırlanması və "deepfake" texnologiyaları ilə mübarizə kimi müasir jurnalistikanın aktual mövzuları ilə tanış olacaqlar.

O, süni intellektin gələcəkdə bir çox sahələrdə geniş tətbiq oluna biləcəyini qeyd etsə də, jurnalistikada insan amilinin əvəzolunmaz olduğunu vurğulayıb.

“Jurnalistikada həqiqət axtarışı, ədalətli yanaşma və etik prinsiplərin qorunması süni intellekt tərəfindən tam təmin edilə bilməz. Hazırlanan material mütləq jurnalistin təhlilindən keçməli, faktlar yoxlanılmalı və etik meyarlar əsasında qiymətləndirilməlidir”, - deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti