AİB Bakı metrosunda süni intellekt həllərinin tətbiqi üçün məsləhətçi seçəcək

İqtisadiyyat Materials 22 İyul 2026 13:53 (UTC +04:00)
AİB Bakı metrosunda süni intellekt həllərinin tətbiqi üçün məsləhətçi seçəcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda "Bakı metrosunun dekarbonizasiyası: Ağıllı və dayanıqlı şəhər nəqliyyatı gələcəyinə doğru" layihəsi çərçivəsində süni intellekt üzrə beynəlxalq məsləhətçinin seçilməsi ilə bağlı tender elan edib.

AİB-in satınalma portalında yerləşdirilən məlumata əsasən, məsləhətçi fərdi konsultant seçimi (ICS) proseduru əsasında müəyyən ediləcək. Layihə üzrə məsləhət xidmətlərinin büdcəsi 35 min ABŞ dolları həcmində qiymətləndirilir. Məsləhətçinin fəaliyyətə 2026-cı il avqustun 10-da başlaması nəzərdə tutulur.

Məlumata görə, layihənin məqsədi "Bakı Metropoliteni" QSC-də əməliyyat səmərəliliyinin artırılması, dayanıqlığın gücləndirilməsi və sərnişin xidmətlərinin yaxşılaşdırılması üçün süni intellekt və digər qabaqcıl rəqəmsal texnologiyaların tətbiqi imkanlarının qiymətləndirilməsidir.

Bu çərçivədə məsləhətçi metro sistemində proqnozlaşdırıcı texniki xidmət, real vaxt rejimində sərnişin məlumatlandırma platformaları, təhlükəsizlik və nəzarət sistemləri, ağıllı qatar hərəkəti cədvəllərinin idarə olunması, eləcə də enerji istehlakının optimallaşdırılması, sərnişin axınının idarə edilməsi və nəqliyyat parkının səmərəli idarə olunması üçün süni intellekt həllərini təhlil edəcək.

Bundan əlavə, Bakı Metropoliteninin mövcud informasiya sistemləri, məlumat infrastrukturu və rəqəmsal imkanları qiymətləndiriləcək, süni intellektin tətbiqi üçün texnoloji boşluqlar və inkişaf perspektivləri müəyyənləşdiriləcək. Məsləhətçi həmçinin bulud əsaslı, lokal və hibrid infrastruktur modellərini müqayisə edərək ən uyğun texniki həlləri təklif etməli, kibertəhlükəsizlik, məlumatların mühafizəsi və sistemlərin qarşılıqlı inteqrasiyası üzrə standartlar hazırlamalıdır.

Layihə çərçivəsində Bakı Metropoliteni üçün mərhələli süni intellekt tətbiqi strategiyası, rəqəmsal transformasiya üzrə yol xəritəsi, pilot layihələr, institusional inkişaf və kadr hazırlığı proqramları hazırlanacaq. Bununla yanaşı, təklif olunan həllərin həyata keçirilməsi üçün avadanlıq, proqram təminatı, inteqrasiya, təlim və istismar xərclərini əhatə edən ətraflı maliyyə və büdcə çərçivəsi də təqdim ediləcək.

AİB bildirir ki, seçiləcək ekspert metro sistemlərində süni intellektin tətbiqi, məlumatların emalı, rəqəmsallaşma və informasiya texnologiyaları sahəsində ən azı yeddi illik peşəkar təcrübəyə malik olmalıdır. Namizədin proqnozlaşdırıcı texniki xidmət, enerji optimallaşdırılması, sərnişin axınının idarə olunması, hərəkət cədvəllərinin optimallaşdırılması, təhlükəsizlik sistemləri və SCADA, siqnalizasiya, avtomatlaşdırılmış ödəniş sistemləri və IoT platformaları ilə inteqrasiya üzrə praktiki təcrübəsinin olması tələb olunur.

Tender beynəlxalq namizədlər üçün açıq elan olunub.

Qeyd edək ki, Bakı Metropolitenində süni intellekt həllərinin tətbiqi AİB-in regionda rəqəmsal transformasiya və AI texnologiyalarının genişləndirilməsinə yönəlmiş daha geniş strategiyasının tərkib hissəsidir. Bank hazırda Azərbaycanın da daxil olduğu bir sıra ölkələri əhatə edən süni intellekt layihəsi üzərində işləyir.

Belə ki, AİB Azərbaycanın iştirakı ilə həyata keçirilməsi nəzərdə tutulan "İnfrastrukturun, həllərin və zəruri səriştələrin inkişafı vasitəsilə süni intellektin tətbiqinə hazırlığın artırılması (AI RISE)" texniki yardım layihəsini nəzərdən keçirir. Təşəbbüs Azərbaycan, Qazaxıstan, Pakistan, Tacikistan, Özbəkistan və digər inkişaf etməkdə olan üzv ölkələrdə süni intellektə hazır rəqəmsal infrastrukturun yaradılmasını, AI həllərinin tətbiqinin sürətləndirilməsini və bu sahədə institusional potensialın gücləndirilməsini hədəfləyir.

AİB-in məlumatına görə, proqram çərçivəsində ölkələrdə rəqəmsal infrastruktur və məlumat ekosistemlərinin qiymətləndirilməsi, AI əsaslı pilot layihələrin hazırlanması, eləcə də dövlət və özəl sektorda investisiyaya hazır layihələr portfelinin formalaşdırılması nəzərdə tutulur. Təşəbbüs bankın Süni İntellekt üzrə İnnovasiya və İnkişaf Mərkəzi (CAID) çərçivəsində həyata keçiriləcək və "Asia Pacific Digital Highway" proqramının rəqəmsal əlaqəlilik və məlumat emalı infrastrukturunun inkişafı məqsədlərini də dəstəkləyəcək.

Azərbaycan da ölkədə süni intellekt ekosisteminin inkişafını sürətləndirir. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Trend-ə bildirib ki, qəbul edilmiş "Azərbaycan Respublikasının Süni İntellektin İnkişafı Strategiyası 2025–2028-ci illər" və "Azərbaycan Respublikasının Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyası 2026–2029-cu illər" ölkənin rəqəmsal transformasiyası üçün vahid strateji çərçivə formalaşdırıb.

"2026-cı ildən etibarən 4SİM-in fəaliyyət prioritetləri rəqəmsal iqtisadiyyat strategiyasının icrası ilə birbaşa əlaqələndirilir. Əsas istiqamətlər sənaye və biznes mühitində süni intellekt, data analitikası, rəqəmsal əkiz və generativ süni intellekt texnologiyalarının milli iqtisadiyyatın müxtəlif sektorlarında tətbiqinin genişləndirilməsidir", – deyə F.Cəfərov qeyd edib.

Beynəlxalq ekspertlər də Azərbaycanın regional AI mərkəzinə çevrilməsi üçün əhəmiyyətli potensial gördüklərini bildirirlər. "Boston Consulting Group"un idarəedici direktoru və tərəfdaşı Anton Aristov Trend-ə özəl müsahibəsində vurğulayıb ki, ölkə xüsusilə energetika sektorunda süni intellekt texnologiyalarının tətbiqi üzrə regionda aparıcı mövqe tuta bilər.

"Azərbaycanı regional innovasiya mərkəzinə çevirmək üçün əsas prioritetimiz qlobal süni intellekt ekosistemi ilə dayanıqlı əlaqələrin qurulmasıdır. İlk pilot layihəmiz təsdiqləndikdən sonra Azərbaycanda yaradılmış və burada sınaqdan keçirilmiş bilikləri dünya bazarına ixrac edə biləcəyik", – deyə Aristov bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti