Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə xidmət edən mühüm siyasi hadisədir.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Rizvan Nəbiyev deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin Almaniyaya həyata keçirdiyi rəsmi səfər Bakı ilə Berlin arasında yüksək səviyyəli siyasi dialoqun intensivliyini bir daha nümayiş etdirir.
Onun sözlərinə görə, səfər Azərbaycan-Almaniya əməkdaşlığının geniş gündəliyini əhatə etməklə yanaşı, Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlığının daha da dərinləşdirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
“Bu səfər enerji təhlükəsizliyi, logistika, investisiyalar və regional təhlükəsizlik sahələrində əməkdaşlığın genişlənməsinə, eyni zamanda Azərbaycan ilə Avropa arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək”, - deyə R.Nəbiyev qeyd edib.
Deputat vurğulayıb ki, Almaniya Azərbaycanın Avropadakı əsas siyasi və iqtisadi tərəfdaşlarından biridir və iki ölkə arasında siyasi dialoqla yanaşı, iqtisadiyyat, enerji, sənaye, nəqliyyat, logistika, təhsil və humanitar sahələrdə əməkdaşlıq ardıcıl şəkildə inkişaf edir.
Onun sözlərinə görə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Almaniyada da yüksək qiymətləndirilir və bu sahədə əməkdaşlıq strateji xarakter daşıyır.
R.Nəbiyev qeyd edib ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycanı və Cənubi Qafqaz regionunu yaxından tanıması ikitərəfli münasibətlərin inkişafına müsbət təsir göstərən mühüm amillərdən biridir.
“Ştaynmayer xarici işlər naziri olduğu dövrdə dəfələrlə Azərbaycana səfər edib, regiondakı prosesləri yaxından izləyib. Bu amil tərəflər arasında açıq və səmərəli dialoqun qurulmasına əlverişli zəmin yaradır”, - deyə deputat bildirib.
Deputatın sözlərinə görə, görüş zamanı Almaniya Prezidentinin həm Azərbaycanı, həm də Almaniyanı öz regionlarında sabitlik adaları kimi xarakterizə etməsi beynəlxalq qeyri-müəyyənlik şəraitində hər iki ölkənin etibarlı və məsuliyyətli tərəfdaş kimi qəbul edildiyini göstərir.

R.Nəbiyev bildirib ki, görüşdə Yaxın Şərqdə artan gərginlik və Hörmüz boğazında yaranmış vəziyyət də müzakirə olunub.
“Almaniya ixracyönümlü iqtisadiyyata malik dövlətdir və beynəlxalq ticarət marşrutlarının təhlükəsizliyi onun üçün strateji əhəmiyyət daşıyır. Bu baxımdan Orta Dəhlizin, eləcə də Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat-logistika qovşağı kimi rolu xüsusi önəm kəsb edir”, - deyə o əlavə edib.
Deputat qeyd edib ki, Azərbaycan etibarlı enerji və nəqliyyat qovşağı kimi Almaniya biznesi üçün də cəlbedici tərəfdaşdır.
Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, həmçinin yaşıl enerji layihələri alman şirkətlərinin iştirak edə biləcəyi perspektivli istiqamətlər sırasındadır.
R.Nəbiyev hesab edir ki, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri siyasi dialoqun daha da möhkəmlənməsinə, iqtisadi əlaqələrin genişlənməsinə, qarşılıqlı investisiyaların artmasına və Azərbaycan-Almaniya münasibətlərinin yeni inkişaf mərhələsinə keçməsinə mühüm töhfə verəcək. Onun fikrincə, bu səfər Azərbaycanın Avropa ilə qarşılıqlı hörmətə, praqmatik yanaşmaya və ortaq maraqlara əsaslanan əməkdaşlıq siyasətinin növbəti uğurlu təzahürüdür.
Milli Məclisin deputatı, Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Müşfiq Cəfərov isə Trend-ə açıqlamasında deyib ki, hazırkı mürəkkəb geosiyasi şəraitdə Azərbaycan və Almaniya arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.
“Frank-Valter Ştaynmayer Azərbaycanı və regionu yaxşı tanıyan siyasətçilərdəndir. Onun xarici işlər naziri kimi fəaliyyət göstərdiyi dövrdə Azərbaycana dəfələrlə səfər etməsi, Cənubi Qafqazdakı proseslərə yaxından bələd olması bugünkü dialoqun daha məhsuldar keçməsinə şərait yaradır. Bu, həm də Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun göstəricisidir”, - deyə o qeyd edib.
M.Cəfərovun sözlərinə görə, görüş zamanı Azərbaycan və Almaniyanın regionda sabitlik adaları kimi dəyərləndirilməsi ölkəmizin etibarlı tərəfdaş kimi qəbul olunduğunu bir daha təsdiqləyir.
Deputat vurğulayıb ki, xüsusilə Rusiya ilə Avropa arasında davam edən gərginlik fonunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə daha da aktuallaşıb.
“Azərbaycan uzun illərdir üzərinə götürdüyü öhdəlikləri məsuliyyətlə yerinə yetirir və etibarlı enerji tərəfdaşı kimi özünü təsdiqləyib. Məhz bu amil Azərbaycan-Almaniya münasibətlərinin strateji xarakter almasına mühüm töhfə verir”, - deyə o əlavə edib.

M.Cəfərov bildirib ki, Almaniya Prezidentinin Ermənistanla sülh prosesində əldə olunan irəliləyiş münasibətilə Azərbaycan Prezidentini təbrik etməsi də ölkəmizin sülh gündəliyinə verilən beynəlxalq dəstəyin göstəricisidir.
Deputatın sözlərinə görə, görüş zamanı Yaxın Şərqdəki gərginlik və Hörmüz boğazında yaranmış vəziyyətin müzakirəsi də qlobal ticarət marşrutlarının təhlükəsizliyinin aktuallığını bir daha ön plana çıxarıb.
“Almaniya ixracyönümlü iqtisadiyyata malik ölkədir və açıq ticarət dəhlizləri onun üçün həyati əhəmiyyət daşıyır. Bu baxımdan Orta Dəhlizin strateji əhəmiyyəti daha da artır. Azərbaycanın bu marşrutun əsas iştirakçılarından biri kimi formalaşdırdığı müasir nəqliyyat infrastrukturu ölkəmizin Şərqlə Qərb arasında etibarlı logistika qovşağına çevrildiyini göstərir”, - deyə deputat qeyd edib.
M.Cəfərov hesab edir ki, bütün bunlar Azərbaycan və Almaniya arasında münasibətlərin artıq ənənəvi əməkdaşlıq çərçivəsini aşaraq strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini göstərir. Onun fikrincə, qarşılıqlı hörmət və etimada əsaslanan bu əməkdaşlıq gələcəkdə siyasi, iqtisadi və nəqliyyat sahələrində əlaqələrin daha da genişlənməsinə xidmət edəcək.
