Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp iyulun 21-də, çərşənbə axşamı Ağ Evin Oval kabinetində Livan Prezidenti Cozef Aunu qəbul etdikdən qısa müddət sonra ABŞ ilə Livan arasında birbaşa kommersiya aviareyslərinin 1985-ci ildən bəri ilk dəfə bərpa olunacağını açıqlayıb.
Donald Tramp Truth Social sosial şəbəkəsində yazıb: "Administrasiyama bütün ABŞ aviaşirkətlərinə Livana birbaşa reyslər həyata keçirməyə icazə verilməsi barədə göstəriş verirəm ki, amerikalılar bu gözəl ölkəni rahat şəkildə ziyarət edə bilsinlər".
Cozef Aunun Vaşinqtona səfəri 2009-cu ildən bəri Livan prezidentinin ABŞ paytaxtına ilk səfəridir. Bu səfər ABŞ-nin himayəsi ilə Livan və İsrail arasında əldə olunmuş razılaşmanın ilk mərhələsinin həyata keçirildiyi dövrə təsadüf edir.
Livanın Baş naziri Nəvaf Salam bu qərarı "Livan ilə ABŞ arasında səfərlərin və münasibətlərin gücləndirilməsi, həmçinin Livan iqtisadiyyatının dəstəklənməsi üçün mühüm imkan" kimi qiymətləndirib.
ABŞ paytaxtına dörd günlük səfər edən livanlı həmkarı ilə görüşən Donald Tramp Livana "çox kömək etmək" istədiyini bildirib və bu ölkəni "uzun illərdir haqsızlığa məruz qalmış ölkə" adlandırıb. Bununla belə, o, göstəriləcək yardımın detalları barədə məlumat verməyib.
Cozef Aun ingilis dilində çıxış edərək ABŞ prezidentinə "tarixi səfərə və çərçivə sazişinin imzalanması ilə birlikdə əldə olunan tarixi nailiyyətə" görə təşəkkür edib. O əlavə edib ki, Donald Trampın "son məqsədi Livanla İsrail arasında düşmənçiliyə əbədi son qoymaqdır".
Beyrut ümid edir ki, bu danışıqlar İsrail qoşunlarının hazırda ölkənin cənubunda nəzarətdə saxladıqları geniş ərazilərdən çıxarılması, eləcə də Livan ordusuna dəstəyin artırılması ilə nəticələnəcək. Cozef Aun İsrail qoşunlarının ölkə ərazisindən tam çıxarılmasının "təcili zərurət" olduğunu vurğulayıb. Livan prezidenti ABŞ liderindən həmçinin ölkəsinin silahlı qüvvələrinə əhəmiyyətli yardım göstərilməsini istəyib və onu Livan Silahlı Qüvvələrini "dəstəkləməyə davam etməyə" çağırıb.
Donald Tramp isə cavabında Livan ordusuna yardım göstərilməsi ilə bağlı "çox konkret planlarının" olduğunu deyib. Jurnalistlər qarşısında çıxış edən Donald Tramp "Hizbullah" hərəkatı ilə şəxsən danışmağa hazır olduğunu da bəyan edib.
"Mən hamı ilə danışa bilərəm. Əgər Prezident Cozef Aun mənim "Hizbullah"la danışmağımı istəsəydi, bunu edərdim", – deyə ABŞ prezidenti bildirib.
İsrail ordusunun Livandan tam çıxarılması ilə bağlı suala cavab verən Tramp isə qısa şəkildə: "Onlar artıq bunu edirlər", - deyib.
Cozef Aun onun "baxışının sülh və sabitlik" olduğunu və bunun ABŞ prezidentinin "tarixi irsi" ola biləcəyini qeyd edib.
"Mən bununla tam razıyam", – deyən ABŞ prezidenti zarafatla əlavə edib ki, Cozef Aun "çox cazibədar insandır və mənimlə necə davranmağı yaxşı bilir".
"İndi o, istədiyi hər şeyi əldə edə bilər", – deyə Tramp sözlərini yekunlaşdırıb.