Bakı.Trend:
Trend-inTürkiyənin Enerji Bazarının Tənzimlənməsi İdarəsinin (EPDK) məlumatları əsasında apardığı hesablamalara görə, Azərbaycan 2026-cı ilin may ayında da Türkiyənin ikinci ən iri qaz təchizatçısı mövqeyini qoruyub saxlayıb.
"May ayında Azərbaycan Türkiyəyə 1,034 milyard kubmetr təbii qaz ixrac edib. Bu, 2025-ci ilin eyni ayı ilə müqayisədə (1,057 milyard kubmetr) 2,17 faiz azdır",-deyə EPDK-nin məlumatında deyilir.
Rusiya Türkiyənin ən iri qaz təchizatçısı kimi mövqeyini qoruyub saxlayıb. Bu ölkənin ixracı illik müqayisədə 6,56 faiz artaraq ötən ilin müvafiq dövründəki təxminən 1,193 milyard kubmetrdən 1,271 milyard kubmetrə yüksəlib. İran isə 951,25 milyon kubmetr qaz ixrac etməklə üçüncü yerdə qərarlaşıb ki, bu da ötən ilin may ayındakı 791,74 milyon kubmetrlə müqayisədə 20,15 faiz çoxdur.
"Türkiyənin ümumi təbii qaz idxalı may ayında illik müqayisədə 2,95 faiz artaraq ötən ilin eyni dövründəki təxminən 3,539 milyard kubmetrdən 3,644 milyard kubmetrə çatıb. Boru kəməri ilə qaz idxalı 3 faiz artaraq 3,256 milyard kubmetr təşkil edib. Mayeləşdirilmiş təbii qazın (LNG) idxalı isə 2,56 faiz artaraq 387,49 milyon kubmetrə yüksəlib",-deyə hesabatda qeyd olunur.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar–iyun aylarında ölkə 4,106 milyard dollar dəyərində 12,431 milyard kubmetr təbii qaz ixrac edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 436,5 milyon dollar və ya 9,6 faiz azalıb, tədarükün həcmi isə 65,8 milyon kubmetr və ya 0,5 faiz artıb.
İstismara verildiyi vaxtdan 2026-cı il iyunun 30-dək Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) vasitəsilə ümumilikdə 99,6 milyard kubmetr Azərbaycan qazı nəql olunub. Bunun 39,6 milyard kubmetri Türkiyəyə tədarük edilib.
Xatırladaq ki, daha əvvəl Azərbaycan Türkiyə ilə "Abşeron" yatağından təbii qazın tədarükünə dair uzunmüddətli saziş imzalayıb. Sənəd Bakıda SOCAR, "TotalEnergies", XRG şirkətləri və Türkiyənin dövlət boru kəməri operatoru BOTAŞ tərəfindən imzalanıb.
