Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 51,4 min ton mazut istehsal edilib.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.
Məlumata əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,2 min ton və ya 9,2% azdır.
Bu ilin iyulun 1-i vəziyyətinə ölkədə hazır mazut ehtiyatı 4,9 min ton təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2,903 milyard manat olmaqla, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 5,7 faiz azalıb.
Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya departamentinin direktoru Cihad Azur Trend-ə özəl müsahibəsində bildirib ki, enerji sektorundan əldə olunan gəlirlər uzunmüddətli iqtisadi dayanıqlığın gücləndirilməsi üçün səmərəli şəkildə idarə olunmalıdır. Cihad Azurun sözlərinə görə, enerji bazarlarında yüksək volatillik şəraitində neft və neft məhsulları sektorundan əldə olunan gəlirlərin səmərəli idarə edilməsi xüsusi əhəmiyyət daşıyır. "Neft və qaz qiymətlərinin yüksək volatilliyi şəraitində yaşayırıq və buna görə qiymət piklərindən həddindən artıq asılılığın qarşısını almaq üçün həmişə qabaqcadan planlaşdırmaq vacibdir", – deyə BVF rəsmisi Trend-ə bildirib.
