Bakı.Trend:
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin 7-ci məzun buraxılışında 100 kibertəhlükəsizlik mütəxəssisi əmək bazarına təqdim olunub.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu fikirləri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə heyətinin sədri Fərid Osmanov Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) Məzun Günündə çıxışı zamanı deyib.
F.Osmanov bildirib ki, ölkədə rəqəmsallaşmanın sürətləndirilməsi istiqamətində həyata keçirilən islahatlar çərçivəsində kibertəhlükəsizliyin gücləndirilməsi əsas prioritetlərdən biridir.
“Ölkəmizin rəqəmsallaşma arxitekturası çərçivəsində aparılan işlər çərçivəsində cari ilin 27 aprel tarixində rəqəmsal inkişafın sürətləndirilməsi üzrə fəaliyyət planı təsdiq edilmişdir və şübhəsiz ki, fəaliyyət planının mühüm komponentlərindən biri də məhz kibertəhlükəsizlik infrastrukturunun gücləndirilməsi və bu istiqamətdə fəaliyyətin daha da təkmilləşdirilməsidir”, - deyə o bildirib.
Onun sözlərinə görə, fəaliyyət planı çərçivəsində milli kibertəhlükəsizlik ekosisteminin genişləndirilməsi, hüquqi-normativ bazanın təkmilləşdirilməsi və peşəkar insan kapitalının formalaşdırılması xüsusi diqqət mərkəzində saxlanılır.
“Qeyd edilməlidir ki, fəaliyyət planı çərçivəsində məhz ölkəmizin milli kibertəhlükəsizlik ekosisteminin daha da genişləndirilməsi, bu istiqamətdə hüquqi-normativ aktların təkmilləşdirilməsi, milli ekosistemin formalaşdırılması və xüsusən insan kapitalının, bilikli və bacarıqlı mütəxəssislərin yetişdirilməsi əsas hədəflərdəndir”, - deyə İRİA sədri vurğulayıb.
F.Osmanov qeyd edib ki, artıq dördüncü ildir fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi İsrailin Technion Texnologiya İnstitutu ilə əməkdaşlıq çərçivəsində ölkənin kibertəhlükəsizlik potensialının gücləndirilməsinə töhfə verir.
“Bu fəaliyyət çərçivəsində klassik hücum və müdafiə istiqamətləri üzrə - "Red Team" və "Blue Team" mütəxəssisləri hazırlanır. Bu günə qədər AKM tərəfindən 420-dən artıq mütəxəssis yetişdirilərək əmək bazarına təqdim edilib”, - deyə o bildirib.
O vurğulayıb ki, Mərkəzin əsas fəaliyyət göstəricilərindən biri məzunların məşğulluq səviyyəsidir.
“90 faizdən artıq göstəriciyə nail olmuşuq. Məzunlarımızın 90 faizdən çoxu bu gün dövlət qurumlarında və özəl sektorda kibertəhlükəsizlik üzrə mütəxəssis kimi fəaliyyət göstərir”, - deyə F.Osmanov qeyd edib.
İRİA sədri bildirib ki, AKM-in 7-ci məzun buraxılışında 100 nəfər proqramı uğurla başa vurur.
“Bu 100 məzun arasından ilk dəfə olaraq seçilən 5 qabaqcıl mütəxəssisin adları bu gün elan olunacaq. Onlar bir ay müddətində xarici ölkələrdə qabaqcıl kibertəhlükəsizlik və informasiya texnologiyaları şirkətlərində ödənişsiz təcrübə və infrastruktur mübadiləsi proqramlarında iştirak edəcəklər”, - deyə o bildirib.
F.Osmanov qeyd edib ki, AKM-də yalnız əsas təlim proqramları deyil, ixtisasartırma proqramları da həyata keçirilir.
“Bu günə qədər 160-dan artıq mütəxəssis yenidən ixtisaslaşma proqramlarını uğurla başa vuraraq aidiyyəti dövlət qurumlarında və şirkətlərdə fəaliyyətlərini davam etdirirlər”, - deyə o bildirib.
Onun sözlərinə görə, ölkədə kibermaarifləndirmə istiqamətində də mühüm nəticələr əldə olunub.
“Bu günə qədər 7 mindən artıq şəxs kibergigiyena və kibermaarifləndirmə təlimlərində iştirak edərək kibertəhlükəsizlik üzrə baza biliklərinə yiyələnib”, - deyə İRİA sədri vurğulayıb.
F.Osmanov bildirib ki, dövlət və özəl sektorda rəhbər heyətin kibertəhlükəsizlik biliklərinin artırılması da prioritet istiqamətlərdən biridir.
“53 dövlət qurumunda və özəl sektor müəssisəsində AKM tərəfindən təlimlər keçirilib. Bu təlimlər çərçivəsində 250-dən artıq rəhbər vəzifəli şəxs kibertəhlükəsizlik sahəsində maarifləndirilib”, - deyə o qeyd edib.
O əlavə edib ki, Mərkəzin qarşısında duran əsas hədəflərdən biri əldə olunan biliklərin yerli kibertəhlükəsizlik məhsullarının yaradılmasına yönəldilməsidir.
“Bu günə qədər AKM tərəfindən 70-dən artıq hakaton keçirilib və 7-dən çox kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi məhsulu hazırlanıb. Bu məhsulların bir neçəsi artıq satış və biznes proseslərinə başlayıb, kommersiya gəlirləri əldə edir”, - deyə F.Osmanov bildirib.
İRİA sədri vurğulayıb ki, AKM universitetlərlə əməkdaşlığın genişləndirilməsinə də xüsusi önəm verir.
“Artıq 7 ali təhsil müəssisəsində 10-dan artıq fənn üzrə AKM müəllimləri və mütəxəssisləri tədris prosesini həyata keçirirlər. Eyni zamanda, həmin universitetlərdə sillabusların və təlim proqramlarının təkmilləşdirilməsində aktiv iştirak edirik”, - deyə o bildirib.
Çıxışının sonunda F.Osmanov AKM-in 7-ci məzunlarını təbrik edib.
“Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin bütün məzunlarını təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Hər bir məzunun ölkəmizdə kibertəhlükəsizlik ekosisteminin formalaşmasında mühüm rolu var və onların fəaliyyəti bundan sonra da tərəfimizdən davamlı şəkildə dəstəklənəcək”, - deyə İRİA sədri əlavə edib.
