Bakı. Trend:
İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,82 ABŞ dolları və ya 5,13 faiz artaraq bir barel üçün 98,73 ABŞ dolları təşkil edib.
Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.
Bildirilib ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti 4,82 dollar və ya 5,36 faiz bahalaşaraq 94,81 dollar olub.
"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,83 dollar və ya 8,6 faiz artaraq bir barel üçün 60,97 dollara çatıb.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 5,18 dollar və ya 5,95 faiz artaraq bir barel üçün 92,19 dollara çatıb.
Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.
"Trading Economic"in məlumatına əsasən, çərşənbə günü xam neftin qiyməti bir barel üçün 85 dolları ötərək son altı həftəyə yaxın dövrün ən yüksək səviyyəsinə çatıb. Bildirilib ki, buna səbəb Yaxın Şərq və digər əsas ixrac marşrutlarında tədarük risklərinin artması olub.
"ABŞ Prezidenti Donald Tramp İranla yaxın zamanda danışıqların baş tutacağı ehtimalını rədd edib. O, eyni zamanda, İranın dəstəklədiyi Yəməndəki husi qruplaşmasının Qırmızı dənizdə gəmiçiliyi pozacağı təqdirdə əlavə zərbələr endiriləcəyini və cavab tədbirləri görüləcəyini bəyan edib.
Münaqişə dövründə Qırmızı dəniz Səudiyyə Ərəbistanı üçün mühüm ixrac marşrutuna çevrilib. Bu marşrut krallığa xam neft ixracının bir hissəsini boru kəmərləri vasitəsilə yönləndirməyə və Hörmüz boğazından asılılığı azaltmağa imkan verir.
Bu arada, Hörmüz boğazında neft məhsulları daşıyan Küveyt tankerinə zərbə endirilməsi dəniz daşımalarının təhlükəsizliyi ilə bağlı risklərin hələ də davam etdiyini göstərib.
Regiondan kənarda isə bazar iştirakçıları Rusiyanın Qara dəniz sahilində yerləşən və Qazaxıstan neftinin böyük hissəsinin ixrac edildiyi Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) terminalına edilən silsilə hücumları da yaxından izləyirlər", - məlumatda qeyd edilib.
