Bakı.Trend:
Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi hüquqi şəxslərin biznes hesablarına kiberhücum edən şəxsi saxladı.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə müxtəlif hüquqi şəxslərə məxsus biznes hesablarına xüsusi proqram təminatları vasitəsilə qanunsuz müdaxilə edilərək pul vəsaitlərinin ələ keçirilməsi barədə müraciətlər daxil olub.
Keçirilmiş əməliyyat-texniki tədbirlər nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Zakir Nəhmədov müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, Z.Nəhmədov xüsusi proqram təminatları hazırlayaraq müxtəlif MMC-lərə məxsus biznes hesablarına aid identifikasiya məlumatlarını ələ keçirib. Daha sonra həmin məlumatlardan istifadə etməklə biznes hesablarına giriş üçün elektron təsdiq sorğuları göndərib. Sorğuların göndərilmə mənbəyi yoxlanılmadan təsdiqləndikdən sonra o, hesablara qanunsuz giriş əldə edərək oradakı pul vəsaitlərini ələ keçirib.
Məlumata görə, Z.Nəhmədov cinayət yolu ilə əldə etdiyi vəsaitlərin mənbəyini gizlətmək və iz itirmək məqsədilə həmin pulları kriptovalyutaya çevirərək leqallaşdırıb.
İlkin araşdırma zamanı onun zərərçəkmişlərə 100 min manatdan artıq ziyan vurduğu müəyyən edilib.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Daxili İşlər Nazirliyi vətəndaşlara və sahibkarlıq subyektlərinə bir daha müraciət edərək identifikasiya məlumatları, internet bankçılığı və digər elektron ödəniş vasitələri ilə bağlı daxil olan sorğuların mənbəyini yoxlamadan təsdiqləməməyi tövsiyə edib.
Qeyd olunub ki, giriş məlumatları, təsdiq kodları və elektron imza məlumatları heç bir halda üçüncü şəxslərlə paylaşılmamalıdır. Şübhəli sorğular, keçidlər və ya hesablarla bağlı naməlum əməliyyatlar müşahidə olunduqda dərhal xidmət göstərən banka və polis orqanlarına məlumat verilməlidir.
Nazirlik xatırladıb ki, təsdiq edilən hər bir elektron sorğu hesablar üzrə maliyyə əməliyyatlarının həyata keçirilməsinə şərait yarada bilər.
