Bakı. Trend:
Tədqiqatçılar 70 ildən çox əvvəl Puerto-Riko sahillərində qəzaya uğrayaraq dənizə düşən Pan American Airways aviaşirkətinə məxsus təyyarənin qalıqlarını aşkar ediblər.
Bu barədə CNN məlumat verib.
Təyyarənin qalıqları 74 il sonra yüksək dəqiqlikli hidroakustik lokatorun köməyi ilə, təxminən 600 metr dərinlikdə aşkar edilib. Tədqiqatçıların əldə etdiyi görüntülərdə daşıyıcının PanAm loqosu və təyyarənin adı görünür.
Araşdırmalar nəticəsində təyyarənin iki hissəyə parçalandığı müəyyən edilib.
Təyyarə qəzası 1952-ci il aprelin 11-də baş verib. Pan Am Tarix Fondunun məlumatına görə, Nyu-Yorka istiqamətlənən təyyarə havaya qalxdıqdan qısa müddət sonra hər iki sağ mühərrikini itirib. Bu, Douglas DC-4 təyyarəsini idarə edən pilotları bir neçə dəqiqə sonra güclü dalğalanma şəraitində Atlantik okeanına məcburi sərt eniş etməyə vadar edib. Təyyarədə bütün sərnişinlər üçün xilasedici qayıqlar və fərdi xilasedici jiletlər olub. Lakin təhlükəsizlik təlimatının verilməməsi, dil maneəsi və təxliyə prosedurunun olmaması səbəbindən qarışıqlıq yaranıb. Təyyarə üç dəqiqə sonra suya qərq olub. ABŞ Sahil Mühafizəsi və Hərbi Hava Qüvvələri 12 sərnişini və ekipajın 5 üzvünü xilas edə bilib. Təyyarədə olan digər 52 nəfər isə həlak olub.
Qəzanın bu günədək sağ qalan iki şahidi var. Onlardan biri hazırda 102 yaşı olan, gəncliyində tibb bacısı kimi çalışmış və sərnişinlərin təyyarədən çıxması üçün qapının açılmasında mühüm rol oynamış qadındır. Digəri isə suyun səthində üzən vəziyyətdə tapılan və xilasedicilər tərəfindən reanimasiya edilərək həyata qaytarılan körpədir.
Hər iki şəxsin təyyarənin qalıqlarının nəhayət tapıldığı xəbərini eşidərkən böyük həyəcan və sevinc hissi keçirdikləri bildirilir.