Bakı.Trend:
Qəhvənin istehlakı uzun illərdir ki, Alzheimer və Parkinson xəstəlikləri, 2-ci tip şəkərli diabet, eləcə də bir sıra onkoloji xəstəliklərin riskinin azalması ilə əlaqələndirilir. Müşahidə xarakterli tədqiqatlar bu əlaqəni onilliklərdir təsdiqləsə də, onun dəqiq molekulyar mexanizmi indiyədək tam aydın deyildi.
Texasın “A&M” Universitetinin alimlərinin apardığı və “Nutrients” jurnalında dərc olunan yeni araşdırma bu suala mümkün izahlardan birini təqdim edib.
Professor Stiven Seyfin rəhbərlik etdiyi tədqiqat qrupu müəyyən edib ki, qəhvənin tərkibindəki birləşmələr NR4A1 adlı nüvə reseptorunu aktivləşdirir. Bu zülal stressə və toxuma zədələnməsinə cavab verir, iltihabı azaldır və bərpa mexanizmlərini işə salır. NR4A1 bloklandıqda isə zədələnmələr artır və sağalma prosesi ləngiyir.
Araşdırmaya görə, ən güclü təsir göstərən maddələr kofein deyil, polihidroksilli və polifenollu birləşmələr, xüsusilə də qəhvə turşusudur. Bu maddə bir çox meyvə və tərəvəzin tərkibində də mövcuddur. Kofein reseptora bağlansa da, hüceyrə modellərində onun aktivliyini demək olar ki, dəyişmir. Bu da adi və kofeinsiz qəhvənin faydaları arasında ciddi fərq aşkar etməyən geniş epidemioloji tədqiqatların nəticələrini izah edir. Yəni qoruyucu təsiri təmin edən əsas komponent kofein deyil, qəhvənin digər maddələridir.
