Bakı.Trend:
Azərbaycanda 420-dən çox kibertəhlükəsizlik mütəxəssisi hazırlanıb.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə heyətinin sədri Fərid Osmanov Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) Məzun Günü çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ölkədə rəqəmsal inkişafın sürətlənməsi ilə kibertəhlükəsizlik dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib.
“Ölkəmizdə rəqəmsal inkişaf sürətləndikcə, ümumiyyətlə kibertəhlükəsizlik aspekti aktuallaşır və ölkəmizin dövlət siyasətinin bir parçası olur. Bu xüsusda, cari ilin əvvəlində, 27 fevral tarixində ölkə başçısının imzası ilə ölkəmizdə rəqəmsal inkişafın sürətləndirilməsi üzrə 2024–2026-cı illəri əhatə edən fəaliyyət planı təsdiq edilib. Fəaliyyət planında da məhz kibertəhlükəsizlik aspekti əsas icra etmə sütunlarından biridir”, - deyə o bildirib.
F.Osmanov qeyd edib ki, fəaliyyət planı çərçivəsində milli kibertəhlükəsizlik ekosisteminin qurulması, bu istiqamətdə fəaliyyətin gücləndirilməsi və insan kapitalının inkişafı əsas prioritetlər sırasındadır.
“Artıq dördüncü ildir ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi fəaliyyət göstərir. AKM Technion Texnologiya İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Bu günə qədər artıq 420-dən çox müdafiə və hücum istiqamətində mütəxəssis hazırlanaraq əmək bazarına təqdim olunub. Hazırlanan mütəxəssislərin 90 faizdən çoxu artıq məşğulluq əldə edib və işlə təmin olunub”, - deyə o vurğulayıb.
İRİA sədrinin sözlərinə görə, AKM yalnız peşəkar mütəxəssis hazırlığı ilə deyil, həm də ölkədə kibermaarifləndirmə istiqamətində geniş fəaliyyət göstərir.
“Hesabat dövründə 7 mindən çox insan kibermaarifləndirmə təlimlərinə cəlb olunub. Eyni zamanda, 250-dən çox rəhbər vəzifəli şəxs kibertəhlükəsizlik sahəsində biliklərə yiyələnib”, - deyə o əlavə edib.
F.Osmanov bildirib ki, bu gün keçirilən məzun mərasimində AKM-in 7-ci dalğası üzrə 60 kibertəhlükəsizlik mütəxəssisi əmək bazarına qədəm qoyacaq.
“Bu proqramın xüsusi əhəmiyyətli hissələrindən biri də ondan ibarətdir ki, 60 məzun arasından seçilmiş 5 nəfər mütəxəssis xarici ölkələrdə qabaqcıl rəqəmsallaşma və kibertəhlükəsizlik şirkətlərində bir aylıq ödənişsiz təcrübə proqramı keçmək imkanı əldə edəcək”, - deyə İRİA sədri qeyd edib.
