Medianın inkişafı dövlət siyasətinin prioritetlərindən biridir

Gündəm Materials 22 İyul 2026 13:23 (UTC +04:00)
Medianın inkişafı dövlət siyasətinin prioritetlərindən biridir

Bakı. Trend:

İyulun 22-də Azərbaycan milli mətbuatının əsasının qoyulmasının 151-ci ili tamam olur. Görkəmli ziyalı və publisist, bütün ömrünü və yaradıcı fəaliyyətini öz xalqının maariflənməsinə həsr edən Həsən bəy Zərdabi tərəfindən təsis edilən “Əkinçi” qəzetinin 1875-ci ilin 22 iyul tarixində nəşrə başlaması ilə yaranan Azərbaycan mətbuatı ilk gündən cəmiyyətin maariflənməsində, xalqımızın milli oyanışında və ictimai-siyasi fikrin formalaşmasında əvəzsiz rol oynayıb.

“Əkinçi”nin 1875-1877-ci illərdə cəmi 56 sayı işıq üzü görsə də, bu qəzetin Azərbaycan mətbuatının təşəkkül tapmasında və formalaşmasında xidmətləri əvəzolunmazdır. Ömrü uzun olmasa da, "Əkinçi" Azərbaycan milli mətbuatının təməl daşına çevrildi və XIX əsrin sonu və XX əsrin əvvəllərində bu sahənin inkişafının əsasını qoydu. Məhz "Əkinçi"nin yaratdığı prinsiplər üzərində formalaşan mətbuatımız həmin dövrdə xalqımızın maarifçilik, milli özünüdərk və ictimai fikir tariximizdə silinməz iz buraxdı. Onu da qeyd etməliyik ki, o dövr üçün mətbuatımızın xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dilində çoxsaylı qəzetlərin nəşr edilməsi idi. Həmin qəzetlər ana dilimizin qorunmasında, zənginləşdirilməsində, ədəbi dil kimi formalaşmasında və ictimai həyatın bütün sahələrində işlənməsinin təşviq edilməsində müstəsna rol oynadılar.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə milli mətbuatın inkişafında yeni mərhələ başlandı. Cümhuriyyət demokratik prinsiplərə əsaslandığı üçün söz azadlığı təmin edildi, mətbuatın sərbəst fəaliyyəti üçün əlverişli şərait formalaşdı. Həmin dövrdə nəşr olunan qəzet və jurnallar dövlət müstəqilliyi ideyasının təbliğində və dövlətçilik təfəkkürünün möhkəmlənməsində mühüm töhfələr verdilər. Bu mənada 1918-1920-ci illərdə mətbuat ideoloji funksiyasını və tarixi missiyasını layiqincə yerinə yetirdi.

Sovet hakimiyyəti illərində repressiyalar Azərbaycanın mətbuatından da yan ötmədi. Bu dövrdə müstəqilliyi və dövlətçiliyi tərənnüm edən bütün qəzetlər bağlandı, söz azadlığına son qoyuldu, qələm sahibləri təqiblərə məruz qaldılar. Lakin bütün bunlara və ideoloji buxovlarla baxmayaraq, bu dövrdə mətbuatımız xalqımızın milli-mənəvi dəyərlərinin yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə, o cümlədən, ana dilimizin saflığının qorunmasına böyük töhfələr verdi. Azərbaycan jurnalistikasının bir çox dəyərli simaları məhz bu dövrdə fəaliyyət göstəriblər.

“Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik” – deyə xalqımızın Ulu Öndəri Heydər Əliyev bildirib.

1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması milli mətbuatımızın da fəaliyyətində yeni siyasi-ideoloji səhifə açdı. Xüsusilə qeyd etməliyik ki, bu dövrdən etibarən söz azadlığı üçün şərait yarandı, kütləvi-informasiya vasitələri dövlətin və xalqın maraqlarını sərbəst ifadə etmək imkanı əldə etdilər. Lakin təəssüflə qeyd edilməlidir ki, müstəqilliyimizin ilk illərində respublikada baş verənlər mətbuata da təsirsiz ötüşmədi. Başqa cür desək, o illərdə ölkədə mətbuat azadlığının təşəkkül tapması prosesi heç də rəvan deyildi. Yeni yaranmaqda olan kütləvi-informasiya vasitələrinin üzərində siyasi və bürokratik təzyiqlər var idi. Televiziyanın canlı efirinə hücum edilməsi, jurnalistlərin döyülməsi həmin dövrün acı reallıqlarıdır. 1992-ci ildən etibarən hərbi senzura adı altında KİV üzərində nəzarət daha da gücləndirilmişdi.

Yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildən respublikamıza rəhbərlik etməsindən sonra bütün sferalarda olduğu kimi söz azadlığının təmin olunması istiqamətində də köklü dəyişikliklər baş verdi, mətbuat zamanın çağırışlarından irəli gələn yeni inkişaf yoluna qədəm qoydu. Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldı, kütləvi informasiya vasitələrinin problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görüldü. Ulu Öndərin 6 avqust 1998-ci il fərmanı ilə ölkəmizdə senzuranın birdəfəlik ləğv edilməsi Azərbaycanın müasir mətbuat tarixinin mühüm hadisəsi oldu. Jurnalistlərlə görüşlərin ənənəsini yaradan Heydər Əliyevin sayəsində KİV-in maddi-texniki və maliyyə bazasının möhkəmləndirilməsi ilə bağlı mühüm addımlar atıldı. Bütün bunlara görə Ulu Öndər 2002-ci ildə «Jurnalistlərin dostu» mükafatına layiq görülmüşdü.

Ulu Öndər Heydər Əliyevin media sahəsində əsasını qoyduğu uğurlu ənənələri davam etdirən Prezident İlham Əliyev KİV-in inkişafı və mətbuat azadlığı məsələlərini xüsusi diqqətdə saxlayır. Azərbaycan mətbuatının yaranmasının yubileylərinin ölkə miqyasında geniş qeyd olunması, bu münasibətlə jurnalistləri fəxri adlarla təltif olunması, KİV-in maddi bazasının gücləndirilməsi Prezident İlham Əliyevin medianın fəaliyyətinə verdiyi yüksək qiymətin təzahürləridir. Bütün bunlar həm də onu göstərir ki, medianın inkişafı dövlət siyasətinin prioritetlərindən biridir. Bunun nəticəsidir ki, Prezident İlham Əliyev 2010, 2013, 2017 və 2018-ci illərdə “Jurnalistlərin dostu” mükafatına layiq görülüb.

Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən 2023-cü il yanvarın 1-dən KİV subyektlərinin media fəaliyyətindən əldə etdikləri gəlirləri sadələşdirilmiş vergidən 6 il müddətinə azad edilib. Müvafiq fəaliyyət tələblərinə cavab verən jurnalistlər güzəştli ipoteka kreditlərindən də istifadə etmək hüququna malikdirlər. Bu və digər faktlar göstərir ki, KİV və media təmsilçiləri ilə bağlı məsələlər hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzindədir.

Media daim inkişafda olan sahədir. Çağdaş dövrümüz isə sürətlə dəyişən çağırışlarla üz-üzə olduğundan media da fəaliyyətini yeni tələblərə uyğun qurmalıdır. Bu dövrün əsas tələbləri həm də sosial media platformalarında fəallığın artırılması, internet qəzetçiliyinin inkişaf etdirilməsi, rəqəmsallaşma, süni intellekt və media savadlılığının yüksəldilməsi, o cümlədən, medianın rəqabət qabiliyyətinin artırılmasıdır. 2021-ci ildə Milli Məclis tərəfindən “Media haqqında” yeni qanunun qəbul edilməsi də media fəaliyyətinin yeni dövrün tələblərinə, o cümlədən rəqəmsal çağırışlara uyğunlaşdırılmasını hədəfləyir.

Dünya nizamının dəyişikliklərə məruz qaldığı, informasiya texnologiyalarının, rəqəmsallaşmanın, süni intellektin inkişaf etdiyi çağdaş dövrümüzün əsas reallıqları həm də hibrid və informasiya müharibələridir. Qlobal informasiya şəbəkəsinin bir hissəsi olan Azərbaycan mediasının üzərinə belə bir şəraitdə daha böyük məsuliyyət düşür. Bu mənada dezinformasiya və saxta xəbərlərlə mübarizə, Azərbaycana qarşı aparılan hibrid müharibədə, informasiya mübarizəsində dövlətimizin mənafelərinin layiqincə qorunması da Azərbaycan mediasının əsas vəzifələridir. Əminik ki, milli mediamız bu mərhələdə də öz missiyasını layiqincə yerinə yetirəcək, Azərbaycanın inkişafına, beynəlxalq nüfuzunun daha da yüksəlməsinə layiqli töhfələr verəcək.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Xəbər lenti

Xəbər lenti