Azərbaycan-Almaniya strateji tərəfdaşlığı yeni iqtisadi və geosiyasi mərhələyə qədəm qoyur - Şərh

Siyasət Materials 21 İyul 2026 16:52 (UTC +04:00)
Azərbaycan-Almaniya strateji tərəfdaşlığı yeni iqtisadi və geosiyasi mərhələyə qədəm qoyur - Şərh
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Almaniya ilə Azərbaycan arasında münasibətlər yeni mərhələyə keçir. Berlində imzalanan strateji tərəfdaşlıq sənədləri və Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlığın institusional əsasda daha da genişləndirilməsinə yönəlmiş mühüm addım kimi qiymətləndirilir.

Siyasi şərhçi Əziz Əlibəyli Trend-ə açıqlamasında bildirib ki, Azərbaycan və Almaniya arasında strateji ikitərəfli əməkdaşlıq münasibətlərin ən yüksək səviyyəsini ifadə edir və bu, artıq institusional strateji tərəfdaşlıq mərhələsidir.

Ekspertin sözlərinə görə, indiyədək əsasən enerji və xammal sahəsində inkişaf edən əməkdaşlıq artıq Avrasiya məkanında sənaye, logistika və ticarət istiqamətlərini də əhatə edən yeni mərhələyə qədəm qoyub. Onun fikrincə, ticarət dövriyyəsinin artırılması və Almaniya investisiyalarının Azərbaycana cəlb olunması bu mərhələnin əsas prioritetlərindəndir.

Ə. Əlibəyli qeyd edib ki, hazırda Azərbaycanda 250-dən çox Almaniya şirkəti fəaliyyət göstərir və yaxın dövrdə maşınqayırma, avtomatlaşdırma, sənaye və logistika sahələrində alman biznesinin iştirakı daha da genişlənəcək.

O vurğulayıb ki, Azərbaycan qazının Almaniyaya nəqlinə başlanılması və SOCAR ilə Almaniyanın “Uniper” şirkəti arasında əməkdaşlığın uzunmüddətli tərəfdaşlığa çevrilməsi ikitərəfli münasibətlərdə mühüm dönüş nöqtəsidir.

Ekspertin sözlərinə görə, yaşıl enerji, xüsusilə də yaşıl hidrogen ixracı qarşıdakı dövrdə əməkdaşlığın əsas istiqamətlərindən biri olacaq. O hesab edir ki, Almaniyanın yaşıl texnologiyaları və investisiyaları Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçiriləcək layihələrdə mühüm rol oynaya bilər.

Ə. Əlibəyli əlavə edib ki, Almaniya artıq Orta Dəhliz vasitəsilə Asiyanı Avropa ilə birləşdirən nəqliyyat marşrutunda Azərbaycanın strateji körpü rolundan daha geniş istifadə etmək niyyətini ortaya qoyur. Bu isə iki ölkə arasında iqtisadi və geostrateji əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyindən xəbər verir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti