Gürcüstan Azərbaycandan təbii qaz idxalını artırıb

İqtisadiyyat Materials 22 İyul 2026 16:11 (UTC +04:00)
Gürcüstan Azərbaycandan təbii qaz idxalını artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Azərbaycandan Gürcüstana 150,942 milyon ABŞ dolları dəyərində 1,273 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib.

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilir.

Ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə Azərbaycandan sözügedən ölkəyə təbii qaz (qaz halında) ixracı dəyər ifadəsində 13,238 milyon ABŞ dolları və ya 9,6%, həcm ifadəsində isə 110,4 milyon kubmetr və ya 9,5% artıb.

Ümumilikdə, 2026-cı ilin yanvar-may aylarında Azərbaycandan 8 ölkəyə 3,343 milyard ABŞ dolları dəyərində 10,381 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 489,8 milyon ABŞ dolları və ya 12,8% az, həcm baxımından isə 110,2 milyon kubmetr və ya 1,1% çoxdur.

Bundan başqa, 2026-cı ilin ilk beş ayında Azərbaycan cəmisi bir ölkədən – İran İslam Respublikasından 12,476 milyon ABŞ dolları dəyərində 185,380 milyon kubmetr təbii qaz (qaz halında) idxal edib. Ötən ilin eyni dövründə isə Azərbaycan iki ölkədən – Rusiya və Türkmənistandan 30,1 milyon ABŞ dolları dəyərində 195,6 milyon kubmetr təbii qaz idxal etmişdi. Beləliklə, Azərbaycana təbii qaz idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 17,6 milyon ABŞ dolları və ya 2,4 dəfə, həcm baxımından isə 10,3 milyon kubmetr və yaxud 5,2% azalıb.

Qeyd edək ki, Azərbaycan və Gürcüstan arasında enerji əməkdaşlığı iki ölkənin iqtisadi münasibətlərinin əsas istiqamətlərindən biri hesab olunur. Gürcüstan Azərbaycanın əsas təbii qaz alıcılarından biridir və ölkəyə qaz tədarükü əsasən Cənubi Qafqaz Boru Kəməri (Bakı–Tbilisi–Ərzurum) vasitəsilə həyata keçirilir. Kəmər Səngəçal terminalından başlayaraq Azərbaycan və Gürcüstan ərazisindən keçərək Türkiyəyə qədər uzanır. Gürcüstan həm tranzit ölkə, həm də Azərbaycan qazının iri istehlakçısı kimi çıxış edir.

Bu əməkdaşlığın uzunmüddətli xarakter daşıdığını təsdiqləyən mühüm addımlardan biri də iyulun 10-da “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında təbii qazın Gürcüstana təchizatı barədə Saziş”in təsdiq olunması olub. Saziş 2026-cı il mayın 18-də Bakıda imzalanıb və Azərbaycan qazının Gürcüstana tədarükü, eləcə də əlavə həcmdə qazın beynəlxalq bazarlara tranziti üçün hüquqi baza yaradır.

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin sözlərinə görə, əldə olunmuş razılaşmalar ölkənin iqtisadi inkişafı, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və Gürcüstanın tranzit funksiyasının daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. O bildirib ki, tərəflər qazın tədarükü və tranziti üzrə qarşılıqlı faydalı razılaşmalara nail olublar və Azərbaycanla təbii qazın alınmasına dair 20 illik sazişin müddəti daha 20 il uzadılıb.

Bakı Enerji Həftəsi çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini İnqa Pxaladze də regional enerji əməkdaşlığının strateji əhəmiyyətini vurğulayıb.

"Belə əməkdaşlıq formatları ölkələrə xarici şokların təsirini daha effektiv şəkildə aradan qaldırmağa, müstəqil qərar qəbul etmə qabiliyyətini qorumağa və enerji təhlükəsizliyini möhkəmləndirməyə imkan verir. Gürcüstan üçün prioritet istiqamət enerji təhlükəsizliyinin gücləndirilməsidir və bu, təkbaşına təmin oluna bilməz, o cümlədən Azərbaycan da daxil olmaqla qonşu dövlətlərlə sıx əməkdaşlıq tələb edir", – deyə o bildirib.

Pxaladzenin sözlərinə görə, Gürcüstan və Azərbaycan xüsusilə qış dövründə təbii qaz və elektrik enerjisi təchizatı sahəsində uzunillik tərəfdaşlardır və Tbilisi Azərbaycan, Rumıniya və digər Avropa ölkələri ilə Cənubi Qafqazla Avropa arasında enerji bağlantılarının inkişafına yönəlmiş regional təşəbbüslərdə fəal iştirak edir.

Azərbaycan qazının Avropaya nəqlini təmin edən əsas marşrutlardan biri olan Transadriatik Qaz Kəmərinin (TAP) idarəedici direktoru Luka Skiyeppati də Trend-ə eksklüziv müsahibəsində bildirib ki, TAP-ın ötürmə qabiliyyətinin daha da artırılması üçün potensial mövcuddur.

"Bazar tərəfindən maraq olduğu halda TAP ötürmə qabiliyyətini daha da artırmaq potensialına malikdir və bu göstərici ildə 20 milyard kubmetrdən də artıq ola bilər", – deyə Skiyeppati vurğulayıb.

O qeyd edib ki, TAP-ın genişləndirilməsinin ilk mərhələsi artıq uğurla başa çatdırılıb və kəmər vasitəsilə Avropaya indiyədək 55,7 milyard kubmetrdən çox qaz nəql olunub. İdarəedici direktorun sözlərinə görə, bu səviyyədə səmərəlilik Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa tərəfdaşları arasında sıx əlaqələndirmə olmadan mümkün olmazdı ki, bu da Cənub Qaz Dəhlizi çərçivəsində regional əməkdaşlığın vacibliyini bir daha nümayiş etdirir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti