Rusiyadan Azərbaycana beynəlxalq axtarışda olan beş nəfər ekstradisiya edilib

Hadisə Materials 22 İyul 2026 17:24 (UTC +04:00)
Rusiyadan Azərbaycana beynəlxalq axtarışda olan beş nəfər ekstradisiya edilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Baş Prokurorluğun vəsatəti əsasında beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşları Emil Kazımov, Cabbar Məmmədov, Habil Əliyev, Fuad Babayev və Kənan Quliyev Rusiya Federasiyasından Azərbaycana ekstradisiya olunublar.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ekstradisiya “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 7 oktyabr 2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq həyata keçirilib. Baş Prokurorluğun həmin şəxslərin ekstradisiyası ilə bağlı vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Məlumata görə, Emil Kazımov külli miqdarda ziyan vurmaqla dələduzluq, Cabbar Məmmədov təkrar dələduzluq, Habil Əliyev qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq, Fuad Babayev və Kənan Quliyev isə bir qrup şəxs halında silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq edilməsi ilə müşayiət olunan xuliqanlıq cinayətlərini törətməkdə şübhəli bilinirlər.

Qeyd olunub ki, barələrində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərarlar qəbul edilmiş həmin şəxslər istintaqdan yayındıqları üçün beynəlxalq axtarışa veriliblər.

Rusiya Federasiyası ərazisində saxlanılan təqsirləndirilən şəxslər Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti