Bakı. Trend:
Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə 2027-ci ildə tətbiqi nəzərdə tutulan yeni imtahan modeli açıqlanıb.
Bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin rəsmi saytında dərc olunub.
Yeni modelə əsasən, imtahan ümumilikdə 26 test tapşırığından ibarət olacaq. Bunlardan 25-i qapalı tipli, 1-i isə yazılı tapşırıq olacaq.
İmtahanın strukturuna 1 dinləmə mətni və həmin mətn əsasında hazırlanmış 4 qapalı tipli test tapşırığı daxil ediləcək. Bu tapşırıqlardan 3-ü çoxseçimli, 1-i isə doğru və yanlış cavabın seçilməsini tələb edən formada olacaq.
Bundan əlavə, imtahanda 2 oxu mətni təqdim ediləcək. Hər mətn üzrə 4 olmaqla, ümumilikdə 8 qapalı tipli test tapşırığı veriləcək. Bu tapşırıqların 3-ü çoxseçimli, 1-i isə doğru və yanlış cavabın seçilməsi formasında olacaq.
İmtahanın digər hissəsində qrammatik və leksik bilikləri yoxlayan 13 qapalı tipli test tapşırığının təqdim edilməsi nəzərdə tutulur.
Modelə əsasən, namizədlərə verilmiş sual və ya fikir əsasında faktlar və mülahizələr irəli sürərək öz fikirlərini ifadə etməyi tələb edən 1 yazılı tapşırıq da təqdim olunacaq.
Yazılı tapşırıqda istifadə ediləcək mövzular bunlardır: texnologiya, mədəniyyət və incəsənət, film və kino, həyəcanlar, təbiət və ətraf mühit, geologiya, görməli yerlər, səyahət, tarix, coğrafiya, antropologiya, bioqrafiya, təhsil, idman, iş və şəxsi münasibətlər.
Bu mövzulardan isə istifadə edilməyəcək: din, siyasət, təbii fəlakətlər, müharibələr, cinayətlər, soyqırım, gender məsələləri və diskriminasiya.
Həmçinin fizika, kimya, biokimya, genetika və mühəndislik mövzularından da istifadə edilməyəcəyi açıqlanıb.
Beləliklə, 2027-ci ildən tətbiqi nəzərdə tutulan modeldə xarici dil üzrə namizədlərin həm dinləmə və oxu bacarıqları, həm qrammatik-leksik bilikləri, həm də yazılı şəkildə fikir ifadə etmək qabiliyyətinin yoxlanılması nəzərdə tutulur.
