Bakı. Trend:
Həftəsonu ölkə ərazisində havanın temperaturu 41 dərəcəyədək yüksələcək.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında iyulun 25-26-da havanın maksimal temperaturunun 35-38, bəzi ərazilərdə isə 40 dərəcəyə yaxın isti olacağı gözlənilir.
Azərbaycanın bəzi rayonlarında da iyulun 25-29-da havanın maksimal temperaturunun 35-40, Mərkəzi Aran və Naxçıvan MR-nın bəzi yerlərində isə 41 dərəcəyədək yüksələcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən sabah da Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 24-29° isti olacaq.
Günəş şüalarının ən güclü olduğu saatlarda - təxminən saat 11:00-dan 17:00-dək günvurma müşahidə olunur. Bu vaxtlarda açıq havada uzun müddət qalmaq xüsusilə təhlükəlidir. Mütəxəssislər bildirir ki, günvurma baş verərkən huşun itməsi, qıcolma, bədən temperaturunun 40°C və daha yüksək olması, güclü nəfəs darlığı, sinə ağrısı, qusmanın davam etməsi və ya vəziyyətin qısa müddətdə yaxşılaşmaması hallarında təcili tibbi yardım çağırılmalıdır.
