Fransada 15 yaşdan kiçik şəxslər üçün sosial şəbəkələri qadağan edən qanun qəbul edilib

Dünya xəbərləri Materials 22 İyul 2026 03:01 (UTC +04:00)
Fransada 15 yaşdan kiçik şəxslər üçün sosial şəbəkələri qadağan edən qanun qəbul edilib

Bakı. Trend:

Fransa Parlamenti 15 yaşdan kiçik şəxslərə sosial şəbəkələrdən istifadəni qadağan edən qanun layihəsini qəbul edib. Bu, Avropada ilk belə qərardır.

Bu barədə Fransa Milli Assambleyasından məlumat verilib.

Qanun layihəsi günortadan sonra Senatda, günün sonunda isə Milli Assambleyada səsverməyə çıxarılıb. Yeni qaydaların sosial şəbəkələrdə yaradılacaq yeni hesablar üçün artıq sentyabr ayından qüvvəyə minməsi nəzərdə tutulur.

Bir neçə ay davam edən müzakirələrdən sonra parlament çərşənbə axşamı "Yetkinlik yaşına çatmayanların sosial şəbəkələrdən istifadəsi nəticəsində yaranan risklərdən qorunması haqqında" qanun layihəsini qəti şəkildə qəbul edib. Qanunun əsas müddəası 15 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsinin qadağan edilməsidir.

Bu qərarla Fransa Avropada belə qanunu qəbul edən ilk ölkə olub. Bu təşəbbüsün həyata keçirilməsini fəal şəkildə dəstəkləyənlərdən biri də Prezident Emmanuel Makrondur.

Əvvəlcə Senat yekun mətnə 243 lehinə, 2 əleyhinə səslə dəstək verib. Bir neçə saat sonra Milli Assambleya da sənədi 279 lehinə, 81 əleyhinə səslə təsdiqləyib.

Qadağa Vikipediya kimi onlayn ensiklopediyalara, həmçinin açıq mənbəli təhsil layihələri və proqram təminatının hazırlanması və paylaşılması platformalarına şamil olunmur.

Hazırkı redaksiyada istifadəçilərin yaşının necə yoxlanılacağı göstərilməyib. Bu mexanizmi Facebook, TikTok və digər platformalar özləri müəyyən etməlidirlər.

Qanun həmçinin liseylərdə də mobil telefonlardan istifadəyə qadağanı nəzərdə tutur. İndiyədək bu məhdudiyyət yalnız ibtidai və orta məktəblərdə tətbiq olunurdu. Bununla belə, təhsil müəssisələrinin daxili qaydalarına uyğun olaraq istisnalar nəzərdə tutula bilər.

Fransa hökuməti qanunun mümkün qədər tez qüvvəyə minməsini istəyir.

Bildirilir ki, artıq 15 Avropa ölkəsindən ibarət koalisiya da bu normanı öz milli qanunvericiliyinə daxil etmək niyyətindədir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti