Bakı.Trend:
BMT-nin Baş katibi Antonio Quterreş süni intellektin idarə olunması sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə çağırıb. O vurğulayıb ki, süni intellektin inkişafı bütün ölkələrə fayda verməli və qlobal bərabərsizliyin azaldılmasına xidmət etməlidir.
BMT-nin yaydığı məlumata görə, Antonio Quterreş bu fikirləri Şanxayda keçirilən Dünya Süni İntellekt Konfransı və Meteoroloji Forumunda çıxışı zamanı səsləndirib.
Quterreş bildirib ki, süni intellekt XXI əsrdə bəşəriyyət üçün ən böyük imkanlardan birinə çevrilə bilər. Bununla yanaşı, o, texnologiyalara çıxışın qeyri-bərabər olması ilə bağlı risklər barədə xəbərdarlıq edib.
O, Süni İntellekt Sahəsində Əməkdaşlıq üzrə Dünya Təşkilatının (WICO) yaradılmasını alqışlayaraq bunu süni intellektin idarə olunması sahəsində beynəlxalq əməkdaşlığın inkişafına yönəlmiş səylərin davamı kimi qiymətləndirib.
Quterreş vurğulayıb ki, bəşəriyyətin gələcəyini müəyyən edəcək texnologiyaların formalaşdırılmasında bütün ölkələr iştirak etməlidir: "Bu texnologiyalar kiçik bir qrup ölkə və ya şirkət tərəfindən tənzimlənə bilməz. Hər bir dövlət qərarların qəbul edilməsi prosesində təmsil olunmalıdır".
BMT-nin Baş katibi, həmçinin qeyd edib ki, süni intellekt dayanıqlı inkişaf məqsədlərinə nail olunması baxımından böyük potensiala malikdir. Onun sözlərinə görə, bu texnologiyalar səhiyyə, təhsil, kənd təsərrüfatı, sənaye və məşğulluq sahələrində tərəqqiyə töhfə verə bilər.
Bununla belə, o xəbərdarlıq edib ki, rəqəmsal infrastruktur, hesablama resursları və texniki biliklərə çıxışın qeyri-bərabər olması mövcud qlobal fərqləri daha da dərinləşdirə bilər.
"Süni intellekt dünyanı daha böyük bərabərsizliyə sürükləmək riski daşıyır – gəlirlər, imkanlar və təhlükəsizlik sahəsində fərqləri daha da dərinləşdirə, Şimal ilə Cənub arasındakı uçurumu daha da artıra bilər. Biz buna yol verə bilmərik", – deyə Quterreş bildirib.
O, bütün ölkələrin süni intellektin inkişafının üstünlüklərindən yararlana bilməsi üçün üç əsas istiqaməti qeyd edib: potensialın gücləndirilməsi imkanlarının genişləndirilməsi, təhlükəsizlik standartlarının möhkəmləndirilməsi və ekoloji dayanıqlılığın təmin olunması.
BMT rəhbərinin sözlərinə görə, inkişaf etməkdə olan ölkələrə süni intellekt sahəsində öz imkanlarını formalaşdırmaq üçün dəstək göstərilməlidir. Bu dəstəyə hesablama resurslarına çıxış, təlim proqramları və onların ehtiyaclarına uyğunlaşdırılmış texnologiyaların təmin edilməsi daxildir.
Quterreş, həmçinin risklərin qiymətləndirilməsi və məsuliyyət üzrə vahid standartları əhatə edən beynəlxalq süni intellekt təhlükəsizliyi yanaşmalarının formalaşdırılmasına çağıraraq insan hüquqlarının qorunmasının vacibliyini vurğulayıb.
"Həyat və ölümlə bağlı hər bir qərar üzərində nəzarət insanlar tərəfindən saxlanılmalıdır. Təhlükəsizliyi sübuta yetirilməyənədək heç bir süni intellekt sistemi uşağın ixtiyarına verilməməlidir", – deyə o bildirib.
Ekoloji məsələlərə toxunan BMT Baş katibi süni intellekt sahəsində fəaliyyət göstərən iri şirkətləri öz sistemlərinin ətraf mühitə təsiri barədə tam məlumat açıqlamağa və bərpa olunan enerji mənbələrindən istifadəyə keçməyə çağırıb.
