Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri və keçirdiyi yüksək səviyyəli görüşlər iki ölkə arasında siyasi dialoqun davamlı xarakter aldığını bir daha nümayiş etdirir.
Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, son illər beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər fonunda Bakı ilə Berlin arasında qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın genişlənməsi həm Azərbaycan, həm də Avropa üçün mühüm əhəmiyyət daşıyır:
“Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu Almaniya kimi aparıcı iqtisadiyyatlarla münasibətlərin daha da dərinləşdirilməsini zəruri edir. Ölkəmizin etibarlı enerji tərəfdaşı kimi formalaşdırdığı nüfuz siyasi münasibətlərin də yeni məzmun qazanmasına imkan yaradır. Bu baxımdan Prezident İlham Əliyevin Almaniyada keçirdiyi görüşlər yalnız ikitərəfli əlaqələrin cari vəziyyətini deyil, həm də gələcək əməkdaşlığın prioritet istiqamətlərini müəyyən edir.
Azərbaycan və Almaniya arasında münasibətlər enerji sahəsi ilə məhdudlaşmır. Sənaye, "yaşıl enerji", nəqliyyat-logistika, rəqəmsal texnologiyalar, elm, təhsil və investisiya istiqamətlərində əməkdaşlıq üçün geniş potensial mövcuddur. Xüsusilə Azərbaycanın Orta Dəhliz üzrə artan tranzit imkanları Avropa şirkətləri üçün yeni iqtisadi perspektivlər açır”.
Deputat vurğulayıb ki, bu gün Avropa İttifaqı alternativ enerji və nəqliyyat marşrutlarının inkişafına xüsusi diqqət yetirir:
“Azərbaycan isə coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və etibarlı tərəfdaş nüfuzu ilə bu prosesdə mühüm rol oynayır. Almaniyanın bu istiqamətdə marağının artması təbiidir və yüksək səviyyəli təmaslar gələcək birgə layihələrin reallaşdırılması üçün əlverişli zəmin yaradır.
Səfər çərçivəsində aparılan müzakirələr regional təhlükəsizlik və Cənubi Qafqazda davamlı sülh gündəliyi baxımından da xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan bölgədə uzunmüddətli sabitliyin təmin olunması istiqamətində ardıcıl mövqe nümayiş etdirir və beynəlxalq tərəfdaşlarla açıq dialoqa üstünlük verir. Almaniya ilə siyasi məsləhətləşmələrin intensivləşməsi bu baxımdan qarşılıqlı etimadın daha da möhkəmlənməsinə xidmət edir”.
A.Həsənovanın sözlərinə görə, Prezident İlham Əliyevin Almaniyaya səfəri bir daha göstərir ki, Azərbaycan Avropa ölkələri ilə münasibətlərini qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və ortaq maraqlar prinsipi əsasında inkişaf etdirməkdə qərarlıdır:
“Bu cür yüksək səviyyəli görüşlər yalnız mövcud əməkdaşlığı möhkəmləndirmir, eyni zamanda gələcəkdə iqtisadi, siyasi və humanitar sahələrdə yeni təşəbbüslərin həyata keçirilməsi üçün də geniş imkanlar yaradır”.
