Bakı. Trend:
İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,41 ABŞ dolları və ya 2,63 faiz artaraq bir barel üçün 93,91 ABŞ dolları təşkil edib.
Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.
Bildirilib ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti 2,42 dollar və ya 2,76 faiz bahalaşaraq 89,99 dollar olub.
"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,24 dollar və ya 4,16 faiz artaraq bir barel üçün 56,14 dollara çatıb.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 2,36 dollar və ya 2,78 faiz artaraq bir barel üçün 87,01 dollara çatıb.
Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.
"Trading Economic"in məlumatına görə, neftin qiyməti çərşənbə axşamı bir barel üçün 82 dollara doğru geriləyərək son beş həftənin maksimum səviyyəsindən bir qədər aşağı düşüb. Bildirilib ki, buna səbəb ABŞ və İran arasında bir neçə gün davam edən qarşılıqlı hücumlardan sonra sülh danışıqlarının bərpa oluna biləcəyinə dair ümidlərin artması olub.
"Vasitəçilər bazar ertəsi hər iki tərəfi yeni atəşkəsə razı salmağa çalışıblar. Məlumatlara görə, 10 günlük atəşkəsin elan olunması ehtimalı da müzakirə edilir.
Bununla belə, ABŞ-nin İrana qarşı hücumlarının ardıcıl onuncu gündür davam etməsi, Tehranın isə qonşu ölkələrə cavab zərbələri endirməsi fonunda neft qiymətləri bu ay kəskin yüksəlib.
ABŞ Prezidenti Donald Tramp Tehranın üç amerikalı hərbçinin ölümünə görə məsuliyyət daşıyacağını bəyan etdikdən sonra bölgədə gərginlik daha da artıb.
İranın dəstəklədiyi husi qruplaşması da Səudiyyə Ərəbistanına qarşı dəniz embarqosu elan etdiyini açıqlayıb. Bu isə Qırmızı dəniz vasitəsilə həyata keçirilən enerji daşımaları ilə bağlı narahatlıqları artırıb", - məlumatda vurğulanıb.
