Bakı. Trend:
İyulun 20-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının baş prokuroru Niqmatilla Yuldoşevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan ilə Özbəkistan arasında strateji müttəfiqlik münasibətləri, parlamentlərarası əlaqələr, hüquq və qanunvericilik sahəsində əməkdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub.
Milli Məclisin sədri ölkələrimiz arasında münasibətlərin qardaşlıq, dostluq və qarşılıqlı etimada əsaslandığını bildirib. O, dövlətlərarası əlaqələrimizin keyfiyyətcə yeni mərhələyə yüksələrək strateji müttəfiqlik səviyyəsinə çatmasında Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyev arasında formalaşmış səmimi dostluq və etimada əsaslanan siyasi dialoqun mühüm rolunu vurğulayıb. Bildirilib ki, Azərbaycan və Özbəkistan beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edir, beynəlxalq platformalarda bir-birinin mövqeyini ardıcıl şəkildə dəstəkləyirlər.
Söhbətdə parlamentin sədri Özbəkistana səfərlərini, burada keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq, əlaqələrimizin inkişafında dostluq qruplarının önəmini, deputatların qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb.
Sahibə Qafarova qonağa Azərbaycan parlamentinin tarixindən, onun müsəlman Şərqində tutduğu mühüm mövqeyindən və keçdiyi yoldan söz açıb, ölkəmizin suverenliyini bərpa etdikdən sonrakı dövrdə qarşılaşdığı mürəkkəb siyasi çağırışlar və dövlətçiliyinə yönəlmiş təhdidlər barədə məlumat verib. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, dövlətçiliyin möhkəmləndirilməsi və sabit inkişaf yoluna qədəm qoyması baxımından mühüm tarixi əhəmiyyət daşıyıb.
Qonağa hazırkı çağırış Milli Məclisin fəaliyyətinin prioritet istiqamətlərindən, parlament diplomatiyası, qanunvericilik sisteminin təkmilləşdirilməsi və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi sahəsində görülən işlərdən bəhs olunub. Bu baxımdan Milli Məclislə Azərbaycan Respublikasının Baş Prokurorluğu arasında mövcud olan konstruktiv əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Özbəkistan Respublikasının baş prokuroru Niqmatilla Yuldoşev Azərbaycana hər səfərində ölkəmizin dinamik inkişafının şahidi olduğunu qeyd edərək, əldə olunan uğurları böyük məmnunluqla izlədiklərini söyləyib. O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərini ölkənin yüksək quruculuq potensialının bariz nümunəsi kimi dəyərləndirib. Qonaq Azərbaycanın Cənubi Qafqazda davamlı sülhün bərqərar olunması istiqamətində atdığı addımları və regionda yeni əməkdaşlıq imkanlarının formalaşmasına verdiyi töhfələri yüksək qiymətləndirib.
Niqmatilla Yuldoşev Azərbaycan ilə Özbəkistan arasında parlamentlərarası əlaqələrin də uğurla inkişaf etdiyini qeyd edərək, bu əməkdaşlığın iki ölkə arasında münasibətlərin mühüm istiqamətlərindən birini təşkil etdiyini bildirib.
Söhbətdə parlamentlərarası əməkdaşlığın ölkələr arasında münasibətlərin inkişafında mühüm rol oynadığı bildirilib, Azərbaycan və Özbəkistan parlamentləri arasında formalaşmış səmərəli əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
