Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp regiondakı vasitəçilərin təklif etdiyi İranla 10 günlük atəşkəs razılaşması və hücumların daha da kəskinləşdirilməsi arasında seçim edir.
Bu barədə “Axios” nəşri yazır.
Nəşr qeyd edir ki, ABŞ və İsrail rəsmiləri hadisələrin inkişafı üçün yalnız iki real ssenari görür: ya Hörmüz boğazında gəmiçiliyin bərpası məqsədilə yeni 10 günlük atəşkəs elan olunacaq, ya da Tehranın təslim olmağa məcbur edilməsi məqsədi daşıyan ABŞ və İsrailin genişmiqyaslı hərbi əməliyyatı başlayacaq.
“Tramp hələ son qərarını verməyib. Lakin rəsmilər hesab edirlər ki, qarşıdakı bir neçə gün onun hansı yolu seçəcəyini müəyyən edəcək. Çünki Fars körfəzini iflic etmiş uzunmüddətli və çıxış yolu görünməyən münaqişənin davam etdirilməsi üçün imkanlar demək olar ki, tükənib”, – nəşr yazır.
İki mənbə “Axios”a bildirib ki, Qətər, Misir, Pakistan və digər regional vasitəçilər ABŞ və İrana 10 günlük atəşkəs razılaşmasını təklif ediblər. Amerikalı rəsmilərin sözlərinə görə, Tramp administrasiyası bu təklifi nəzərdən keçirir.
