Bakı. Trend:
Ölkənin aparıcı əczaçılıq və distribütor şirkətlərindən olan "Avromed Company" MMC korporativ sosial məsuliyyət strategiyası çərçivəsində növbəti xeyriyyə layihəsinə dəstək verib. Şirkət "YAŞAT" Fondu və "ASAN Könüllüləri" Təşkilatının birgə təşkil etdiyi 5-ci "YAŞAT" düşərgəsinin rəsmi dəstəkçilərindən biri olub.
Lənkəranda keçirilən düşərgədə 10–13 yaşlı 54 şəhid övladı iştirak edib. Proqram maarifləndirici təlimlər, idman fəaliyyətləri və əyləncəli tədbirlərlə yadda qalıb.
"Avromed Company" üçün şəhidlərimizin əmanəti olan uşaqların sağlamlığı, psixoloji rifahı və gələcək inkişafı hər zaman əsas prioritetlərdən biridir. Düşərgə çərçivəsində təşkil olunan peşəkar psixoloji qrup terapiyaları, "Süni İntellekt Savadlılığı" təlimləri, beynəlxalq dərəcəli mütəxəssislərin cüdo üzrə ustad dərsləri və fiziki aktivliyi təşviq edən səyyar idman proqramları uşaqların sosial inteqrasiyasına və komanda ruhunun formalaşmasına töhfə verib.
Layihə çərçivəsində "Avromed Company" uşaqlar üçün xüsusi hədiyyələr də hazırlayıb. Şəhid övladlarına təqdim olunan fərdi hədiyyələr düşərgə proqramına əlavə rəng qatıb. Bu təşəbbüs iştirakçıların motivasiyasını artırıb və düşərgənin onlar üçün daha yaddaqalan olmasına töhfə verib.
Sosial məsuliyyət prinsiplərinə sadiq qalan "Avromed Company" MMC uşaqların fiziki və mənəvi inkişafını dəstəkləyən layihələrə bundan sonra da töhfə verməyi davam etdirəcək. Şirkət ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın ailələrinə və övladlarına yönəlmiş humanist təşəbbüslərdə iştirakını gələcəkdə də davam etdirməyi hədəfləyir.
Qeyd edək ki, 2002-ci ildən fəaliyyət göstərən “Avromed Company” MMC Azərbaycanda əczaçılıq sektorunun inkişafına töhfə verən aparıcı distribüter şirkətlərdən biridir. Şirkət dünyanın 40-dan çox ölkəsindən 200-dən artıq tədarükçü ilə əməkdaşlıq edir və ölkə üzrə aptek, klinika və xəstəxanaları fasiləsiz olaraq sağlamlıq məhsulları ilə təmin edir. Avromed müasir logistika şəbəkəsi və keyfiyyətli məhsulları ilə bazarda etibarlı lider kimi tanınır.