Bakı.Trend:
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Salyan rayonunda dörd nəfərin həyatını itirməsi ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsindən sonra sürücülərə müraciət edərək, yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırıb.
BDYPİ-dən bildirilib ki, hadisə iyulun 20-də saat 18:00 radələrində rayonun Şorsulu kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, Şorsulu kənd sakini Nazim Qasımovun idarə etdiyi "VAZ" markalı avtomobil əks istiqamətdə hərəkətdə olan Alçalı kənd sakini Razi Dadaşovun idarə etdiyi "Toyota" markalı avtomobillə toqquşub.
Qəza nəticəsində Nazim Qasımov və onun sərnişinləri İlkin Qasımov, Elnur Əsədov hadisə yerində, Vüqar Əsədov isə xəstəxanada ölüb. Digər sərnişin Əlifağa Hümmətov, həmçinin Razi Dadaşovun azyaşlı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
BDYPİ bildirib ki, hadisənin yüksək sürət və manevr qaydalarının pozulması səbəbindən baş verməsi ehtimal olunur. Qurum sürücüləri faciəli yol qəzalarından nəticə çıxarmağa, təhlükəsizlik qaydalarına və verilən tövsiyələrə qeyd-şərtsiz əməl etməyə çağırıb.
