Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft ixracının həcmi açıqlanıb

Energetika Materials 21 İyul 2026 14:50 (UTC +04:00)
Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft ixracının həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) ilə nəql olunan tranzit neftinin həcmi 12 milyon 702,3 min ton (nəqletmənin 76,9 faizi) təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.

Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 1 milyon 1 milyon 222,6 min ton və ya 8,8% azdır.

Belə ki, 2025-ci ilin yanvar-iyun aylarında BTC ilə 13 milyon 924,9 min ton neft nəql edilmişdi.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,3 faizini (10 milyo 453,9 min ton) Azərbaycanda hasil edilən neft, 17,7 faizini (2 milyon 248,4 min ton) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Boru kəməri ilə əsasən "Azəri-Çıraq-Günəşli" yatağından hasil olunan neft və "Şahdəniz" yatağından hasil olunan kondensat nəql edilir.

Xatırladaq ki, bp şirkətinin mətbuat xidmətinin məlumatına əsasən, Bakı-Tbilisi-Ceyhan şirkəti (BTC Co.) 2026-cı il iyulun 1-dən etibarən BTC ixrac neft kəmərinin operatoru funksiyasının BP Exploration (Caspian Sea) Limited (bp) şirkətindən SOCAR-ın törəmə müəssisəsi olan "SOCAR Midstream Operations MMC"yə (SMO) keçdiyini elan edib.

Bildirilir ki, operator funksiyalarının ötürülməsi BTC neft kəmərinin Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçən hər üç hissəsini əhatə edir. Bundan əlavə, bp-nin məlumatına görə, BTC boru kəməri ilə bağlı bütün fəaliyyətin idarə olunması, eləcə də bp-nin indiyədək BTC və Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemləri üzrə yerinə yetirdiyi ümumi əməliyyat operatoru funksiyaları da SMO-ya keçir.

Qeyd edək ki, BTC neft kəmərinin ümumi uzunluğu 1 768 kilometrdir.

Boru kəməri Xəzər regionundan çıxarılan xam neftin Aralıq dənizi sahillərinə təhlükəsiz nəqlini təmin etmək məqsədilə inşa olunub.

Layihə Azərbaycan, Gürcüstan, Türkiyə və Qərb ölkələri arasında iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsinə töhfə verir, eyni zamanda tranzit ölkələrə əhəmiyyətli gəlirlər qazandırır.

Layihənin istifadəyə verildiyi vaxtdan bəri boru kəmərinin marşrutu boyunca yerləşən 550-dən çox yaşayış məntəqəsində 750 mindən artıq insanı əhatə edən minlərlə sosial təşəbbüs həyata keçirilib.

BTC-nin ötürücülük qabiliyyəti günə 1 milyon barel neft təşkil edir. Boru kəmərində diametri 46, 42 və 34 düym olan borulardan istifadə olunur, burada 8 nasos stansiyası və 98 bağlayıcı stansiya fəaliyyət göstərir. Marşrut boyunca neft kəməri bir neçə dağ silsiləsini, 3 mindən çox avtomobil yolunu, dəmir yolu və rabitə xətlərini, həmçinin eni 500 metrədək olan Ceyhan çayı da daxil olmaqla 1 500-dən çox su hövzəsindən kəsib keçir.

Öz dövrünün ən iri və mürəkkəb mühəndis layihələrindən biri hesab olunan BTC-nin tikintisi 2002-ci ilin iyulunda layihənin təsdiqindən 2006-cı ilin mayında tikintinin başa çatmasına qədər, ümumilikdə dörd il davam edib. Tikintinin ən intensiv mərhələsində layihədə 22 min nəfər çalışıb və onların təxminən 80 faizini yerli mütəxəssislər təşkil edib.

İlk neft partiyası 2006-cı il iyunun 4-də Ceyhan terminalında "British Hawthorn" tankerinə yüklənib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti