Bakı. Trend:
İki sahilyanı dövlət olaraq İran Omanın əməkdaşlığı ilə Hörmüz boğazı üçün lazımi mexanizmləri tənzimləməyə və lazımi tədbirlər görməyə çalışır.
Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (20 iyul) Tehranda keçirilən mətbuat konfransında deyib.
“İran Hörmüz boğazının bir daha ölkənin təhlükəsizliyi və milli mənafeyiə qarşı hədə vasitəsçinə çevrilməsinə imkan vermək istəmir. Sahilyanı ölkələrin isə İran və Oman olduğu aydındır. İran ölkənin mənafeyinə zərbə vurmaq məqsədilə Hörmüz boğazından yanlış istifadə olunmayacağına arxayın olmaq və öz hakimiyyətini tətbiq etmək üçün lazımi tədbirlər görməkdə qətiyyətlidir”, - deyə o bildirib.
Bəqai əlavə edib ki, İran iki sahilyanı ölkənin əməkdaşlığı ilə bu işlərin həyata keçirilməsinə inanır. İran və ABŞ arasında atəşkəsin bərpa olunduğu ilk günlərdən (7-8 aprel) Hörmüz boğazı ilə əlaqədar Omanla təmasda idi. İran Oman tərəfi ilə məsləhətləşmələr aparmaqdadır.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) 20 iyulda yaydığı məlumatda İrana qarşı ardıcıl doqquzuncu gecə zərbələrini uğurla başa çatdırdığını bildirib.
