Rusiya Azərbaycandan elektrik enerjisi idxalını artırıb

Energetika Materials 20 İyul 2026 19:06 (UTC +04:00)
Rusiya Azərbaycandan elektrik enerjisi idxalını artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Azərbaycandan Rusiyaya 54,219 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu həcmdə elektrik enerjisinin ixracından əldə olunan gəlir 2,522 milyon ABŞ dolları olub.

Rusiyaya elektrik enerjisi ixracı 2025-ci ilin eyni aylarındakı göstərici ilə müqayisədə həcm ifadəsində 1,189 milyon kVt/saat və ya 2,2%, dəyər ifadəsi ilə isə 115 min ABŞ dolları, yaxud 4,8% artıb.

Eyni zamanda, 2026-cı ilin ilk beş ayında Azərbaycan Rusiyadan 1,192 milyon ABŞ dolları dəyərində, 30,033 milyon kVt/saat həcmində elektrik enerjisi idxal edib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 40 min ABŞ dolları və ya 3,5% çox, həcm ifadəsində isə 4,496 milyon kVt/saat və ya 13% azdır.

2026-cı ilin yanvar-may aylarında Azərbaycandan ümumilikdə üç ölkəyə - Rusiya, Gürcüstan və İran İslam Respublikasına 12,513 milyon ABŞ dolları dəyərində 232,993 milyon kVt/saat elektrik enerjisi ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan elektrik enerjisi ixracı dəyər ifadəsində 24,8 milyon ABŞ dolları və ya 3 dəfə, həcm baxımından isə 425,1 milyon kVt/saat və yaxud 2,8 dəfə azalıb.

Bundan başqa, bu ilin ilk beş ayında Azərbaycan sözügedən ölkələrdən 3,401 milyon ABŞ dolları dəyərində 71,059 milyon kVt/saat elektrik enerjisi idxal edib. Bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər baxımından 1,4 milyon ABŞ dolları və ya 1,7 dəfə, həcm ifadəsində isə 15,9 milyon kVt/saat və ya 28,9% çoxdur.

Elektrik enerjisi sahəsində qarşılıqlı ticarətlə yanaşı, Azərbaycan və Rusiya arasında ümumi ticarət dövriyyəsi də iqtisadi əlaqələrin əsas göstəricilərindən biri olaraq qalır. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-iyun aylarında Azərbaycanla Rusiya arasında ticarət əməliyyatlarının həcmi 1,728 milyard ABŞ dolları təşkil edib. Bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 791,9 milyon ABŞ dolları və ya 31,4% azdır.

Hesabat dövründə Rusiya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 7,01%-i həcmində olub. Bununla da Rusiya dövr ərzində Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı ölkələr siyahısında 5-ci pillədə qərarlaşıb.

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rusiyaya 608,6 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,022 milyon ABŞ dolları və ya təqribən 3% çoxdur.

Dövr ərzində Azərbaycandan Rusiyaya ixrac əməliyyatlarının 596,1 milyon dollarlıq hissəsini qeyri-neft məhsulları təşkil edib. Azərbaycanın qeyri-neft məhsullarının ümumi ixracında Rusiya 10,74 % payla 2-ci yerdə qərarlaşıb. Rusiyaya qeyri-neft məhsullarının ixracı ötən ilin ilk altı ayındakı göstərici ilə müqayisədə 10,1 milyon ABŞ dolları və ya 1,7% artıb.

Hesabat dövründə Azərbaycan Rusiyadan 1,120 milyard ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə təqribən 810 milyon ABŞ dolları və ya 42% azalma deməkdir.

Qeyd edək ki, Azərbaycan və Rusiya rəsmiləri də iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirirlər. Bu ay Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəflərin ticarət dövriyyəsinin artırılması, birbaşa investisiyaların genişləndirilməsi və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin qərb qolu üzrə əməkdaşlığı müzakirə etdiklərini bildirib.

"Apreldə hökumətlərarası komissiyanın növbəti iclasının keçirildiyi faktını nəzərə almaqla, ticari-iqtisadi əməkdaşlığı müzakirə etdik. Ticarət dövriyyəsinin gələcəkdə daha da artırılmasına qarşılıqlı marağın mövcud olduğunu qeyd etdik. Ötən il ikitərəfli ticarətin həcmi təxminən 5 milyard dollara çatıb. Rusiya Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biri olaraq qalır. Ticarət dövriyyəsinin artırılması və birbaşa investisiyaların genişləndirilməsi üçün əhəmiyyətli potensial mövcuddur. Rusiyanın Azərbaycana yatırdığı investisiyaların həcmi təxminən 11 milyard dollar təşkil edir. Respublikada Rusiya kapitallı 1400-dən çox kommersiya qurumu fəaliyyət göstərir", - deyə o bildirib.

Öz növbəsində, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hökumətlərarası komissiyanın müntəzəm fəaliyyətini iqtisadi əməkdaşlığın əsas mexanizmlərindən biri kimi qiymətləndirərək, qlobal iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan-Rusiya iqtisadi əlaqələrində ümumi dinamikanın müsbət olaraq qaldığını vurğulayıb.

"Əminəm ki, bu gün ticarət-iqtisadi əməkdaşlıq blokunu da ətraflı müzakirə edə biləcəyik. Bu istiqamətin mühüm elementlərindən biri Azərbaycan ilə Rusiya Federasiyası arasında hökumətlərarası komissiyanın müntəzəm təmaslarıdır. Komissiyanın 24-cü iclası bu ilin aprel ayında keçirilib. Bu kontekstdə hesab edirik ki, bütövlükdə dünya iqtisadiyyatında mövcud olan bütün çətinliklərə baxmayaraq, ölkələrimiz arasındakı trend müsbətdir. Bu gün, yəqin ki, 2025-ci ilin rəqəmləri və göstəriciləri, eləcə də yaxın perspektiv üçün müəyyən edilmiş istiqamətlər üzərində daha ətraflı dayanacağıq", – deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti