Hacıqabul Sənaye Parkında avtomobil istehsalı artıb (FOTO)

İqtisadiyyat Materials 21 İyul 2026 14:32 (UTC +04:00)
Hacıqabul Sənaye Parkında avtomobil istehsalı artıb (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Hacıqabul Sənaye Parkında Özbəkistan şirkətləri ilə əməkdaşlıq çərçivəsində 11 mindən çox nəqliyyat vasitəsi istehsal olunub.

Bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb.

Bildirilib ki, agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Parkında Azərbaycan-Özbəkistan sənaye əməkdaşlığı çərçivəsində avtomobil istehsalı uğurla davam etdirilir.

Məlumata əsasən, Hacıqabul Sənaye Parkının rezidenti olan “Azərmaş CP” MMC tərəfindən Özbəkistanın “UzAvtoSanoat” SC ilə əməkdaşlıq çərçivəsində bu günədək ümumilikdə 10700-dən çox “Chevrolet” markalı avtomobil istehsal edilib. İstehsal olunan avtomobillər arasında “Labo”, “Damas”, “Malibu”, “Lacetti”, “Tracker”, “Cobalt”, “Nexia”, “Spark”, “Traverse”, “Tahoe”, “Equinox”, “Onix” və “Captiva” modelləri yer alır.

Bununla yanaşı qeyd edilib ki, sənaye parkında “Azərmaş Park” MMC tərəfindən Özbəkistanın “SamAvto” şirkəti ilə əməkdaşlıq çərçivəsində, pikap, yük avtomobili və avtobuslar olmaqla 300-dən artıq “ISUZU” markalı nəqliyyat vasitəsi istehsal olunub.

"Sənaye Parkında həyata keçirilən birgə layihələr ölkədə avtomobil sənayesinin inkişafına, yerli istehsalın genişləndirilməsinə, məşğulluğun və ixrac potensialının artırılmasına töhfə verir", - məlumatda bildirilib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-iyun aylarında Azərbaycanda 1 767 ədəd minik avtomobili istehsal edilib.

Məlumata görə, bu, 2025-ci ilin eyni dövründəki göstəriciyə nisbətən 365 ədəd və ya 17,1% azdır.

Cari ilin iyulun 1-nə ölkədə hazır minik avtomobili ehtiyatı 173 ədəd təşkil edib.

Eyni zamanda, hesabat dövründə ölkədə 395 ədəd yük avtomobili istehsal edilib ki, bu da 2025-ci ilin yanvar-iyun aylarındakı göstərici ilə müqayisədə 249 ədəd və yaxud 2,7 dəfə çoxdur.

Bu ilin iyulun 1-nə ölkədə hazır yük avtomobili ehtiyatı 23 ədəd təşkil edib.

Bundan başqa, bu ilin ilk 4 ayında Azərbaycanda 153 ədəd avtobus istehsal edilib ki, bu da əvvəlki ilin eyni dövründəki göstəriciyə nisbətən 4,8 dəfə çoxdur.

Dövr ərzində ölkədə hazır avtobus ehtiyatı 19 ədəd təşkil edib.

Qeyd edək ki, maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2026-сı ilin yanvar-iyun aylarında 217,9 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,2 dəfə artıb, maşın və avadanlıqların istehsalı isə 70,5 faiz azalıb.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-iyun aylarında Azərbaycana xaricdən 547 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri gətirilib.

Məlumata görə, bu sayda elektromobillərin idxalının dəyəri 14,442 milyon ABŞ dolları olub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 382 ədəd və ya 41,1%, dəyər ifadəsi ilə isə 17,2 milyon ABŞ dolları və ya 2,2 dəfə azdır.

Ümumilikdə, bu ilin yanvar-iyun aylarında Azərbaycana 676 milyon ABŞ dolları dəyərində 33 772 ədəd avtomobil idxal edilib. Avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 17 955 ədəd və ya 34,7%, dəyər ifadəsi ilə 284,7 milyon ABŞ dolları, yaxud da 29,6% azalıb.

Dövr ərzində ölkəyə 57,867 milyon ABŞ dolları dəyərində 371 ədəd sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 546,7 milyon ABŞ dolları dəyərində 29 637 ədəd əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti