Radioaktiv maddələrin idxalı və ixracına necə nəzarət olunur? – Səhiyyə Nazirliyiindən “Sağlam radio”da açıqlama

Cəmiyyət Materials 21 İyul 2026 14:33 (UTC +04:00)
Radioaktiv maddələrin idxalı və ixracına necə nəzarət olunur? – Səhiyyə Nazirliyiindən “Sağlam radio”da açıqlama
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin strukturuna daxil olan Radiasiya gigiyenası bölməsi fəaliyyətini “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun, eləcə də qüvvədə olan sanitariya norma və qaydalarının tələblərinə uyğun şəkildə həyata keçirir.

Bu fikirləri "Sağlam radio"nun (93 FM) "Sağlam həyat" verilişində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Radiasiya gigiyenası bölməsinin müdiri İlham Qarayev səsləndirib.

Onun sözlərinə görə, Radiasiya gigiyenası bölməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmr və qərarlarının icrasına nəzarət edir, qanunvericilik təşəbbüsləri çərçivəsində qanun layihələrinin hazırlanmasında (müraciət daxil olduqda) iştirak edir, həmçinin vətəndaşlardan daxil olan ərizə və şikayətlərin operativ və obyektiv araşdırılmasını təmin edir.

İlham Qarayev bildirib ki, bölmə müxtəlif təyinatlı obyektlərin tikintisi üçün torpaq sahələrinin ayrılması ilə bağlı müraciətlər əsasında radioloji müayinələrin aparılmasını təşkil edir.

"Bundan əlavə, respublika ərazisinə radioaktiv maddələrin və digər ionlaşdırıcı şüa mənbələrinin idxalı, ixracı və tranziti ilə bağlı daxil olan sənədlər araşdırılır və müvafiq rəylər hazırlanır. Radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələri olan qurğuların, avadanlıqların və radioaktiv tullantıların daşınma üsulları və şəraitinin sanitariya qaydalarına uyğunluğu qiymətləndirilərək nəqliyyat vasitələrinə müvafiq rəy verilir.

Müəssisə və təşkilatların müraciətləri əsasında ionlaşdırıcı şüa mənbələri ilə işləyən personal TLD tipli fərdi dozimetrlərlə təmin olunur, onların uçotu və doza nəzarəti həyata keçirilir. Həmçinin fiziki şəxslərin və özəl müəssisələrin müraciətləri əsasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin akkreditasiyadan keçmiş radioloji laboratoriyasında müxtəlif sənaye məhsullarında spektrometrik və radiometrik ölçmələr aparılır. Müayinəyə cəlb olunan məhsullarda radiasiya fonu və radionuklidlərin səviyyəsi müəyyən edilir, nəticələrə əsasən aidiyyəti üzrə müvafiq rəylər təqdim olunur", – deyə bölmə müdiri vurğulayıb.

İlham Qarayev əlavə edib ki, Radiasiya gigiyenası bölməsinin mütəxəssisləri Səhiyyə Nazirliyi və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən təşkil olunan seminar və təlimlərdə iştirak edir, Azərbaycan Tibb Universitetinin və orta tibb təhsili müəssisələrinin tələbələri üçün praktiki məşğələlər keçir, eyni zamanda kütləvi informasiya vasitələri vasitəsilə əhali arasında sanitariya-maarifləndirmə işini davamlı olaraq həyata keçirirlər.

"Beləliklə, Radiasiya gigiyenası bölməsi əhalinin radiasiyadan mühafizəsinin təmin olunmasında, həmçinin ətraf mühitin ionlaşdırıcı şüalanmanın zərərli təsirlərindən qorunmasında mühüm rol oynayır", – deyə İlham Qarayev fikrini yekunlaşdırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti