Bakı. Trend:
Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün bu il qabiliyyət imtahanında yeni dəyişikliklər tətbiq olunacaq.
Dövlət İmtahan Mərkəzinin rəsmi saytındakı məlumatına görə, III ixtisas qrupu üzrə (DT altqrupu) müsabiqə şərtlərini ödəyən və jurnalistika ixtisasını seçmək istəyən abituriyentlər 24–27 iyul saat 23:59-dək qeydiyyatdan keçməlidirlər.
"Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı avqustun 4-də kompüter vasitəsilə keçiriləcək. Abituriyentlər inşa işini elektron formada yazacaqlar. Bundan əlavə, imtahan müddəti 30 dəqiqə artırılıb. Beləliklə, yazı işinin yerinə yetirilməsi üçün abituriyentlərə 3 saat vaxt veriləcək", - DİM-in məlumatında qeyd olunub.
DİM bildirib ki, inşanın kompüterdə yazılması abituriyentlərə
fikirlərini daha oxunaqlı və səliqəli təqdim etməyə, zərurət
yarandıqda mətni redaktə etməyə və ayrılmış vaxtdan daha səmərəli
istifadə etməyə imkan verəcək.
Qabiliyyət imtahanından uğurla keçən abituriyentlər ixtisas seçimi
zamanı digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə
biləcəklər.
Qeyd edək ki, jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı 4 avqust 2026-cı ildə keçiriləcək.
