Bakı. Trend:
Azərbaycan ilə Türkmənistan arasında elektron TIR (e-TIR) sistemi üzrə ilk pilot daşınmaya start verilib.
Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu ABADA-nın baş katibi Kənan Qurbanov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, pilot layihə çərçivəsində yük artıq Qazaxıstandan Xəzər dənizi vasitəsilə Azərbaycana çatdırılıb və növbəti mərhələdə Türkmənistana göndəriləcək.
"Bu həftə Türkmənistanla Azərbaycan arasında e-TIR, yəni elektron TIR daşınmasının ilk pilotu başladı. Pilot artıq başa çatmaq üzrədir. Yük Qazaxıstandan Türkmənistana göndəriləcək və ilk elektron TIR daşınması həyata keçiriləcək. Ümid edirik ki, hər hansı problem yaranmayacaq. Yaransa belə, onları aradan qaldırmaq üçün bu pilot layihə böyük əhəmiyyət daşıyır", – deyə o bildirib.
K.Qurbanov qeyd edib ki, elektron TIR sistemi kağız TIR kitabçasını əvəz edir və beynəlxalq yükdaşımalarında əməliyyatların daha sürətli həyata keçirilməsinə imkan yaradır.
Baş katib bildirib ki, növbəti mərhələdə elektron CMR qaiməsinin tətbiqi də planlaşdırılır.
"Bu, daşımalarda böyük bir çevriliş yaradacaq. Ancaq bunun uğurlu olması üçün yalnız Azərbaycanın deyil, dəhlizdə yerləşən bütün ölkələrin eyni sistemə qoşulması vacibdir", – deyə o vurğulayıb.
K.Qurbanovun sözlərinə görə, Azərbaycan elektron TIR sisteminin tətbiqində lider ölkələrdən biridir və bütün zəruri implementasiya işləri artıq həyata keçirilib.
O əlavə edib ki, beynəlxalq yükdaşımalarında istifadə olunan icazə blanklarının mübadiləsi də artıq dörd ölkə ilə elektron qaydada aparılır.
"Artıq Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstanla icazə blanklarının mübadiləsi elektron formada həyata keçirilir. Daşıyıcıların şəxsi kabinetləri vasitəsilə blankları əldə etməsi mümkün olub. Bu isə həm vaxt itkisini aradan qaldırır, həm də sərhəddə yaranan texniki səhvlərin operativ şəkildə düzəldilməsinə imkan verir", – deyə o bildirib.
