Bakı. Trend:
Prezident İlham Əliyevin iyulun 20-21-də Almaniyaya səfəri Bakı və Berlinin strateji tərəfdaşlığın yeni mərhələsinə qədəm qoyduğunu göstərdi. Son illərdə həm Avropada, həm də dünyada geosiyasi mənzərənin sürətlə dəyişməsi, enerji təhlükəsizliyi, yeni nəqliyyat marşrutları və regional sabitlik məsələlərinin ön plana çıxması fonunda Berlinlə Bakı arasında dialoqun strateji xarakter alması təsadüfi deyil. Səfərin yekununda imzalanan sənədlər, keçirilən yüksək səviyyəli görüşlər və verilən mesajlar göstərir ki, iki ölkə münasibətləri yeni mərhələyə daxil olur.
Bunu Trend-ə politoloq Azər Qarayev deyib.
"Səfər çərçivəsində Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Federal Kansler Fridrix Merts ilə görüşlər keçirdi. Həm dövlət başçısı, həm də kanslerlə aparılan danışıqlarda enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, Orta Dəhliz, Cənubi Qafqazda sülh prosesi, Avropa İttifaqı ilə əlaqələr və qlobal təhlükəsizlik məsələləri geniş müzakirə olundu. Bu gündəlik təsdiqləyir ki, Bakı və Berlin artıq münasibətlərə yalnız ikitərəfli çərçivədə deyil, daha geniş regional və beynəlxalq kontekstdə yanaşırlar.
Səfərin əsas nəticəsi Prezident İlham Əliyev və Kansler Fridrix Merts tərəfindən "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə"nin imzalanması oldu. Eyni zamanda, Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması haqqında Birgə Bəyannamənin qəbul edilməsi iqtisadi münasibətlərə yeni institusional əsas qazandırdı.
Bu sənədlər yalnız siyasi iradənin ifadəsi deyil. Onlar iki ölkə arasında əməkdaşlığın konkret istiqamətlər üzrə sistemli şəkildə inkişaf etdirilməsini, işçi qruplarının yaradılmasını və uzunmüddətli fəaliyyət mexanizmlərinin formalaşdırılmasını nəzərdə tutur. Bu isə münasibətlərin epizodik səfərlərdən davamlı strateji əməkdaşlığa keçdiyini göstərən mühüm göstəricidir", - o bildirib.
Onun sözlərinə görə, Azərbaycan son illərdə Avropanın enerji təhlükəsizliyində oynadığı rolu ardıcıl şəkildə gücləndirib.
"Hazırda ölkənin təbii qazı Avropa İttifaqına üzv olan on ölkəyə çatdırılır. Almaniyanın da bu siyahıya qoşulması Bakı ilə Berlin arasında əməkdaşlığa tamamilə yeni məzmun verir. Prezident İlham Əliyev mətbuata bəyanatında bu istiqamətdə əldə olunan nəticələri belə ifadə edib: "Bu ildən başlayaraq Azərbaycan öz təbii qazını Almaniyaya ixrac etməyə başlamışdır. Beləliklə, bizim qazımız bu gün Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır və şübhəsiz, bu, enerji təhlükəsizliyi üçün çox böyük töhfədir". Bu bəyanat təkcə statistik göstərici deyil. O, Azərbaycanın Avropa enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmləndiyini göstərir. Almaniya isə Avropa İttifaqının ən böyük iqtisadiyyatı kimi enerji mənbələrinin şaxələndirilməsinə xüsusi önəm verir. Məhz buna görə də Azərbaycan qazının Almaniya bazarına çıxması iki ölkənin strateji maraqlarının üst-üstə düşdüyünü nümayiş etdirir", - o bildirib.
A.Qarayev qeyd edib ki, Federal Kansler Fridrix Merts də Azərbaycanın Almaniya üçün əhəmiyyətini açıq şəkildə ifadə etdi.
"O vurğuladı ki, Almaniya enerji təchizatını daha da şaxələndirmək niyyətindədir və bu baxımdan Azərbaycan etibarlı tərəfdaş kimi xüsusi yer tutur. Kanslerin bərpaolunan enerji, hidrogen və uzunmüddətli enerji əməkdaşlığı barədə fikirləri göstərir ki, tərəflər münasibətləri yalnız mövcud qaz tədarükü ilə məhdudlaşdırmaq niyyətində deyillər. Enerji ilə yanaşı, nəqliyyat və logistika məsələləri də danışıqların əsas mövzularından biri oldu. Son illərdə geosiyasi dəyişikliklər fonunda Orta Dəhlizin əhəmiyyəti əhəmiyyətli dərəcədə artıb. Azərbaycan isə bu marşrutun əsas həlqələrindən biri kimi Avropa ilə Asiya arasında etibarlı bağlantının təmin olunmasında mühüm rol oynayır. Prezident İlham Əliyev bu istiqamətdə Azərbaycanın artan rolunu belə qiymətləndirib: "Azərbaycan öz nəqliyyat infrastrukturunu təkmilləşdirir. Keçən il Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olmaqla, Azərbaycan bir növ Orta Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaqdır". Bu yanaşma Almaniya üçün də böyük əhəmiyyət daşıyır. Avropanın aparıcı ixracatçılarından biri olan Almaniya yeni və təhlükəsiz logistika marşrutlarının inkişafında maraqlıdır. Bu baxımdan Azərbaycan yalnız enerji tərəfdaşı deyil, həm də Avrasiyanın nəqliyyat xəritəsində əsas tranzit mərkəzlərindən biri kimi çıxış edir", - A.Qarayev bildirib.
Politoloq vurğulayıb ki, səfər zamanı regional təhlükəsizlik məsələləri də diqqət mərkəzində idi.
"Almaniya rəhbərliyi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində əldə olunan nəticələri yüksək qiymətləndirdi. Kansler Fridrix Merts sülh sazişinin paraflanmasını tarixi hadisə adlandırdı və Almaniyanın regionda davamlı sülhə dəstək verməyə hazır olduğunu bildirdi. Prezident İlham Əliyev isə Azərbaycanın artıq postmünaqişə mərhələsində konkret praktiki addımlar atdığını diqqətə çatdırdı: "Azərbaycan bu razılaşmadan dərhal sonra praktiki addımlara keçdi. Bu gün Azərbaycan tərəfindən təchiz edilmiş benzin və dizel yanacağı Ermənistanın enerji təhlükəsizliyinə çox böyük töhfədir". Bu fikirlər Azərbaycanın bölgədə sabitliyin möhkəmlənməsinə yalnız siyasi bəyanatlarla deyil, real iqtisadi və humanitar addımlarla töhfə verməyə çalışdığını nümayiş etdirir. Almaniyanın bu prosesi dəstəkləməsi isə Avropanın Cənubi Qafqazda uzunmüddətli sabitliyə verdiyi önəmin göstəricisidir", - politoloq bildirib.
Onun sözlərinə görə, səfərin diqqət çəkən cəhətlərindən biri də Avropa İttifaqı ilə münasibətlərin ayrıca müzakirə mövzusu olması idi.
"Son aylarda Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya səfərləri fonunda Berlin görüşləri Azərbaycan-Aİ dialoqunun davamı kimi qiymətləndirilə bilər. Almaniyanın Avropa İttifaqında aparıcı mövqeyi nəzərə alınarsa, Berlinlə münasibətlərin inkişafı Bakı üçün Brüssel istiqamətində də əlavə imkanlar yaradır.
İqtisadi əməkdaşlıq da yeni mərhələyə daxil olur. Hazırda Azərbaycanda 200-dən çox Almaniya şirkəti fəaliyyət göstərir. Yeni yaradılan Azərbaycan-Almaniya Biznes Şurası investisiyaların artırılması, yeni layihələrin hazırlanması və biznes dairələri arasında birbaşa əlaqələrin genişlənməsi üçün mühüm platformaya çevrilə bilər. Xüsusilə yaşıl enerji, sənaye, rəqəmsal texnologiyalar, logistika və infrastruktur kimi sahələr gələcək əməkdaşlığın əsas istiqamətləri hesab olunur", - o bildirib.
A.Qarayev qeyd edib ki, Prezident İlham Əliyevin Almaniyaya səfəri göstərdi ki, Bakı və Berlin münasibətləri artıq yalnız diplomatik əlaqələr və ticarət dövriyyəsi ilə məhdudlaşmır.
"Enerji təhlükəsizliyi, nəqliyyat marşrutları, regional sabitlik, investisiya əməkdaşlığı və Avropa ilə Asiya arasında yeni geosiyasi balansın formalaşması kimi məsələlər Azərbaycan və Almaniyanı bir-birinə daha da yaxınlaşdırır.
İmzalanmış strateji sənədlər bu əməkdaşlığın hüquqi və siyasi bazasını möhkəmləndirir. Qarşıdakı dövrdə yaradılacaq işçi qrupları, biznes platformaları və yeni layihələr isə bu razılaşmaların praktiki nəticələrini müəyyən edəcək. Mövcud geosiyasi reallıqlar fonunda Bakı ilə Berlin arasında əməkdaşlığın genişlənməsi yalnız iki ölkənin deyil, bütövlükdə Avropa ilə Cənubi Qafqaz arasında tərəfdaşlığın yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər", - politoloq əlavə edib.
