Kara-Oy. Trend:
Qırğızıstan tərəfinin dəvəti ilə bu ölkəyə səfər edən Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri Qırğızıstanın turizm potensialı ilə tanışlıqlarını davam etdirirlər. Mediaturun dayanacaqlarından biri İssık-Kul gölünün şimal sahilində yerləşən Kara-Oy kurort kəndi olub. Burada təbii mineral mənbələri ilə məşhur olan termal SPA kompleksi fəaliyyət göstərir.
Yayın ən qızmar çağında belə hovuzların üzərindən qalın buxar qalxır. Yerin dərinliklərindən çıxan isti su İssık-Kulun sərin dağ havası ilə kəskin təzad təşkil edir, ətrafda isə müxtəlif ölkələrdən gəlmiş turistlərin danışıq səsləri eşidilir. Bəziləri bura istirahət üçün, digərləri müalicə məqsədilə gəlir, elələri də var ki, hər iki məqsədi bir araya gətirirlər.

SPA kompleksinin rəhbəri Elmira İsmayılova Trend-in xüsusi müxbirinə bildirib ki, termal mənbənin 30 ildən çox tarixi var.
"Bu quyu 1995-ci ildə qazılıb. Həmin vaxtdan fəaliyyətə başlamışıq, lazımi lisenziyaları rəsmiləşdirmişik və 1995-ci ildən bu günədək də həmin lisenziyalar əsasında fəaliyyət göstəririk", – deyə o bildirib.
Mineral su hovuzlara birbaşa quyudan daxil olur. Suyun çıxış temperaturu 57 dərəcəyə çatır, daha sonra isə nasos sistemi vasitəsilə kompleksdəki müxtəlif hovuzlara paylanılır.
"Su çıxışda 57 dərəcə olur. Daha sonra onu nasos vasitəsilə bu hovuza yönəldirik. Hazırda bu hovuzdakı suyun temperaturu 37-47 dərəcə arasındadır", – deyə İsmayılova izah edib.

İsti hovuzların yaxınlığında soyuq axar su ilə doldurulan hovuz da yerləşir. Bu isə ziyarətçilərə kontrast vannalar qəbul etmək imkanı yaradır.
"Bu, adi axar sudur və qan dövranının yaxşılaşmasına kömək edir. İsti sudan sonra soyuq suya keçərək kontrast yaradılması orqanizm üçün çox faydalıdır", – deyə o qeyd edib.
Kompleks rəhbərinin sözlərinə görə, su yüksək minerallaşma dərəcəsinə malikdir. Onun tərkibində kalium, natrium və xloridlər mövcuddur.
"Suyun əsas hissəsini minerallar təşkil edir. Yəni bu, yüksək minerallaşmış, duzlu sudur", – deyə İsmayılova bildirib.
Mənbə ilə bağlı qədim əfsanələr olmasa da, kompleksin fəaliyyəti ərzində bura təkrar-təkrar gələn insanların çoxsaylı maraqlı hekayələri toplanıb.
"Bu mənbə ilə bağlı hər hansı əfsanə yoxdur. Amma çox sayda insan bura gəlir və müsbət nəticələrlə ayrılır. Bu suyu acqarına içmək də olar. Əgər onu 1:10 nisbətində duruldub qəbul etsəniz, bağırsaq sisteminə çox faydalı təsir göstərir. İnsanlar burada çimməyə də gəlirlər, çünki su oynaqlar üçün olduqca faydalıdır. Əvvəlcə bədən isinir, sonra kontrast tətbiq olunduqda qan dövranı yaxşılaşır, oynaqlarda yığılan duz çöküntülərinin xaric olunmasına kömək edir. Buna görə də su oynaqların sağlamlığına çox müsbət təsir göstərir", – deyə o əlavə edib.

Elmira İsmayılovanın sözlərinə görə, termal kompleks ilboyu qonaq qəbul edir. Buraya xüsusilə Qazaxıstan, Özbəkistan və Rusiyadan gələn turistlər, eləcə də yay aylarında İssık-Kul sahilində istirahətə üstünlük verən Bişkek sakinləri tez-tez üz tuturlar.
"Xaricdən, xüsusilə Qazaxıstan və Özbəkistandan çoxlu turist gəlir. Yerli sakinlər də kompleksimizi mütəmadi ziyarət edirlər. Qonaqlar ilboyu gəlirlər. Buradakı su mineral mənbədən qidalanır və birbaşa yerin dərinliklərindən çıxır", – deyə kompleks rəhbəri bildirib.
Onun sözlərinə görə, turizm mövsümünün ən intensiv dövrü iyulun ikinci yarısından başlayır və təxminən avqustun 20-dək davam edir.
Kompleksdə ziyarətçilərə təklif olunan maraqlı prosedurlardan biri də qarra rufa balıqlarının köməyi ilə həyata keçirilən ixtiomasajdır. Bu kiçik balıqlar uzun illərdir dünyanın bir çox SPA mərkəzlərinin simvollarından birinə çevrilib və Kara-Oyda da istirahətçilər arasında böyük populyarlıq qazanıb.
Kompleks əməkdaşlarının sözlərinə görə, qarra rufa balıqları dərinin buynuzlaşmış hissələrini zərif şəkildə təmizləyir, məsamələri açır və təbii mikromasaj effekti yaradır. Bu prosedur qan dövranının yaxşılaşmasına kömək edir, ayaqlarda süstlük və şişkinliyi azaldır, sinir sisteminə sakitləşdirici təsir göstərir, həmçinin balıqların tüpürcəyində olan xüsusi ferment sayəsində epitel toxumasının yenilənməsini sürətləndirir.

Bundan əlavə, mütəxəssislər vurğulayırlar ki, bu prosedur təhlükəsiz hesab olunur. İxtiomasaj zamanı dəri örtüyü zədələnmir, balıqlar isə insan xəstəliklərinin daşıyıcısı sayılmır. Belə ki, onların anatomik və fizioloji xüsusiyyətləri bu cür infeksiyaların ötürülməsini istisna edir.
Kompleks əməkdaşlarının sözlərinə görə, bir çox qonaqlar məhz bu prosedurdan yararlanmaq üçün bura gəlirlər.
"Qarra rufa balıqları mikromasaj hesabına qan dövranını yaxşılaşdırır. Onlar şişkinliyi və yorğunluğu azaldır, sinir sisteminə sakitləşdirici təsir göstərir. Həmçinin ölü dəri hüceyrələrini təmizləyərək tamdəyərli pilinq effekti yaradır. Hazırda Qazaxıstan, Rusiya və Bişkekdən çoxlu istirahətçi gəlir. Hava isinən kimi hamı bura üz tutur. Əsas mövsüm təxminən iyulun 15-dən avqustun 20-dək davam edir", – deyə kompleks əməkdaşları bildiriblər.
İsti mineral mənbələr, İssık-Kulun sərin havası və füsunkar dağ mənzərələrinin vəhdəti Kara-Oyu Qırğızıstanın ən çox ziyarət olunan kurort məkanlarından birinə çevirib. Burada təbiət qoynunda istirahət sağlamlaşdırıcı prosedurlar və sahilboyu hökm sürən sakit atmosferlə ahəngdar şəkildə birləşir.
