Bakı.Trend:
Paytaxtın Füzuli küçəsində əks istiqamətdə hərəkət edən skuter və velosiped sürücüləri qəza şəraiti yaratdı.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameraları vasitəsilə qeydə alınıb.
Məlumata görə, skuter və velosiped idarə edən şəxslər avtobus zolağında və yolun hərəkət hissəsində əks istiqamətdə hərəkət edərək yol hərəkəti qaydalarını pozublar. Nəticədə onlar özlərini və digər hərəkət iştirakçılarını təhlükəyə ataraq qəza şəraiti yaradıblar.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bildirib ki, “Yol hərəkəti haqqında” Qanunun 46-1-ci maddəsinə əsasən, kiçik elektrik nəqliyyat vasitələrinin hərəkətinə park və həyət ərazilərində, yaşayış zonalarında, velosiped yollarında, eləcə də ümumi istifadədə olan avtomobil yollarında yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət edilməklə yolun sağ kənar zolağı ilə icazə verilir.
Bildirilib ki, həmin maddəyə əsasən, ümumi istifadədə olan avtomobil yollarında yolun sağ kənar zolağından başqa digər zolaqlarla, həmçinin velosiped yolu olduğu halda onun yanındakı avtomobil yolu ilə hərəkət etmək qadağandır.
Mərkəz bütün hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına əməl etməyə çağıraraq bildirib ki, əks halda ağır nəticələrə səbəb olan yol-nəqliyyat hadisələrinin baş verməsi qaçılmaz ola bilər.
