Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ABŞ ilə Səudiyyə Ərəbistanı arasında mülki nüvə enerjisi ilə bağlı saziş tam şəkildə Ər-Riyadın "Avraam razılaşmaları"na qoşulmasından asılıdır ki, bu da faktiki olaraq krallığın İsrail dövlətini tanıması demək olacaq.
Donald Tramp iyulun 23-də özünün Truth Social sosial şəbəkəsində yazıb ki, ABŞ və Səudiyyə Ərəbistanı arasında mülki nüvə enerjisi üzrə yekunlaşmaqda olan saziş yalnız krallıq "Avraam razılaşmaları"nı ratifikasiya edəcəyi təqdirdə təsdiqlənəcək.
ABŞ Prezidenti bildirib: "ABŞ Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı arasında bağlanmaq üzrə olan mülki nüvə enerjisi sazişi təsdiqlənəcək, lakin bu, tamamilə Səudiyyə Ərəbistanının "Avraam razılaşmaları"na qoşulmasından asılıdır."
Donald Trampın ilk prezidentliyi dövründə onun vasitəçiliyi ilə 2020-ci ildə imzalanan "Avraam razılaşmaları" İsrail ilə üç ərəb ölkəsi – Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Mərakeş arasında iqtisadi, ticarət və təhlükəsizlik sahələrində münasibətlərin normallaşmasına səbəb olmuşdu.
Bu bəyanat Vaşinqton ilə Ər-Riyad arasında Səudiyyə Ərəbistanında atom elektrik stansiyalarının tikintisinə yol açan sazişin imzalanmasından bir gün sonra səsləndirilib. Hazırda krallıq elektrik enerjisinin istehsalında əsasən neft və təbii qazdan istifadə edir.
"The Wall Street Journal" qəzetinin məlumatına görə, sazişdə ABŞ şirkətlərinin Səudiyyə Ərəbistanında uranın zənginləşdirilməsi kompleksi tikə bilməsini nəzərdə tutan müddəa da yer alıb.
Səudiyyə Ərəbistanı isə indiyədək İsraillə münasibətlərin normallaşdırılmasını Fələstin dövlətinin yaradılması istiqamətində konkret irəliləyiş əldə olunması ilə şərtləndirib.