Bakı.Trend:
ABŞ-nin Viskonsin ştatının Medison şəhərində polisin fəaliyyəti ilə bağlı etiraz aksiyaları keçirilib.
Bu barədə CNN telekanalı məlumat yayıb.
Etirazlar çərşənbə günü şəhərin kəsişmələrindən birində dörd polis əməkdaşının velosiped sürən bir şəxsi saxlamağa cəhd etməsindən sonra başlayıb. Həmin şəxs müqavimət göstərib və polis əməkdaşlarından biri tərəfindən güllələnərək öldürülüb.
Medison Polis İdarəsinin rəisi Con Patterson isə iddia edib ki, saxlanılan şəxs bıçaq çıxararaq polis əməkdaşlarından birini yaralayıb.
Hadisə bir neçə şahid tərəfindən lentə alınıb və görüntülər sosial şəbəkələrdə geniş yayılıb. Polisin hərəkətlərindən narazı qalan şəhər sakinləri etiraz aksiyalarına çıxıblar. Həlak olan şəxsin kimliyi açıqlanmır. Videogörüntülərə əsasən onun irqi mənsubiyyətini müəyyənləşdirmək çətindir. Bununla belə, etiraz aksiyalarında Medisonun qaradərili icmasının üzvləri fəal iştirak ediblər. Etirazçılar polis əməkdaşlarının bədən kameraları daşımamasına da kəskin narazılıq bildiriblər.
Etirazçılar Medison şəhərinin meri və Viskonsin ştatının qubernatorunun reaksiya verərək həlak olanın ailəsinə başsağlığı ifadə edib və insidentin hərtərəfli araşdırılmasını tələb ediblər. Hadisədə iştirak edən dörd polis əməkdaşı araşdırma davam edənə qədər vəzifədən müvəqqəti azad edilib.
