Bakı. Trend:
Bu ilin iyulun 1-nə Dövlət Neft Fondunun (ARDNF) investisiya qoyduğu istiqrazlar və digər pul bazarı alətlərinin 34,4%-i “AA” reytinqli (ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz bəndi az) olub.
Bu barədə ARDNF-nin məlumatında bildirilib.
Məlumata görə, hesabat dövründə fond “AAA” reytinqli alətlərin xüsusi çəkisini 21,5%-dən 28%-ə yüksəldib.
Bundan başqa, fond “A” reytinqli alətlərin xüsusi çəkisini 19,1%-dən 25,3%-ə, qeyri-investisiya dərəcəli alətlərin xüsusi çəkisini isə 0,4%-dən 0,8%-ə yüksəldib.
Eyni zamanda fond “BBB” reytinqli alətlərin xüsusi çəkisini 12,6%-dan 11,5%-ə endirib.
Hesabat tarixinə ARDNF-in investisiya qoyduğu istiqrazlar və digər pul bazarı alətlərinin 14,7%-i 0-1 il, 30,1%-i 1 ildən 3 ilədək, 26,4%-i 3-5 il, 28,8%-i 5 ildən artıq müddətə yerləşdirilib. Bu rəqəmlər 1 il bundan əvvəl müvafiq olaraq 14,8%, 29,6%, 26,2% və 29,4% təşkil edib.
ARDNF investisiya portfelində aktivlərin şaxələndirilməsi strategiyasını davam etdirərkən, Fondun iştirak etdiyi beynəlxalq investisiya platformaları da genişlənir. Bu baxımdan, İndoneziya İnvestisiya Qurumunun (INA) Trend-ə verdiyi müsahibədə "Galaxy Orientis" Çin–ASEAN İnvestisiya Platformasında (CAIP) ARDNF-nin rolu xüsusi vurğulanıb.
İndoneziya İnvestisiya Qurumunun (INA) Fondlar və Kapital Tərəfdaşlığı üzrə direktoru Merlissa Trisnonun Trend-ə verdiyi müsahibəyə görə, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) platformanın təsisçi suveren investorlarından biri kimi mühüm strateji rol oynayır.
"Azərbaycan Respublikası Dövlət Neft Fondu platformanın təsisçi suveren investorlarından biri kimi mühüm rol oynayır. Onun iştirakı üç suveren fondun dünyanın ən dinamik inkişaf dəhlizlərindən biri boyunca uzunmüddətli investisiyaları və iqtisadi əməkdaşlığı dəstəkləmək istiqamətində ortaq öhdəliyini nümayiş etdirir", – deyə Merlissa Trisno bildirib.
Onun sözlərinə görə, CAIP Çin İnvestisiya Korporasiyası (CIC), İndoneziya İnvestisiya Qurumu (INA) və ARDNF-nin maliyyə imkanlarını, institusional təcrübəsini və beynəlxalq şəbəkələrini bir araya gətirərək regionda yüksək keyfiyyətli investisiya layihələrinin maliyyələşdirilməsini hədəfləyir.
"Platforma uzunmüddətli kapitalı, institusional təcrübəni və qlobal şəbəkələri birləşdirərək yüksək keyfiyyətli investisiya imkanları vasitəsilə regionun inkişafına töhfə verməyi qarşıya məqsəd qoyur", – deyə o qeyd edib.
Merlissa Trisno əlavə edib ki, hazırda platforma üzrə təxminən 520 milyon ABŞ dolları həcmində ilkin maliyyələşdirmə təmin olunub, ümumi hədəf isə 1 milyard ABŞ dollarıdır. Onun sözlərinə görə, gələcəkdə yeni institusional investorların cəlb olunması da nəzərdə tutulur.
"Hesab edirik ki, platforma zaman keçdikcə İndoneziya, Çin, ASEAN ölkələri, Azərbaycan və digər tərəfdaşlar arasında iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi üçün güclü zəmin yaradacaq", – deyə INA rəsmisi vurğulayıb.
