Azərbaycan–Almaniya tərəfdaşlığı yeni strateji mərhələyə daxil olur

Siyasət Materials 24 İyul 2026 08:55 (UTC +04:00)
Azərbaycan–Almaniya tərəfdaşlığı yeni strateji mərhələyə daxil olur

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 20-21-də Almaniya Federativ Respublikasına etdiyi rəsmi səfər iki dövlət arasındakı əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Keçirilən görüşlər, imzalanan sənədlər tərəflərin münasibətlərini daha da dərinləşdirməkdə maraqlı və qətiyyətli olduqlarını nümayiş etdirdi. Səfərin yekunları göstərir ki, Azərbaycan-Almaniya münasibətləri perspektivdə daha da genişlənəcək.

Bu səfər hər şeydən öncə Azərbaycan Prezidenti İlham Əliyevin dünyada böyük ehtiramla qarşılanan siyasi lider olduğunu, eləcə də respublikamızın qlobal səviyyədəki yüksək nüfuzunun növbəti təzahürünə çevrildi. Səfərin məhz Almaniyanın Federal Kansleri Fridrix Mertsin dəvəti əsasında baş tutması, dövlətimizin başçısının Berlində yüksək səviyyədə qarşılanması, keçirilən görüşlər, Almaniya ali rəsmilərinin Azərbaycanla münasibətlərin genişləndirilməsinə böyük önəm verdiklərini bəyan etmələri, onlar tərəfindən Azərbaycanın regionda sabitlik adası kimi xarakterizə olunması, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rolun xüsusi vurğulanması bunları təsdiq edir.

Berlində əldə olunan razılaşmaların Azərbaycan-Almaniya münasibətlərinin inkişafına təsirinə gəldikdə, əvvəlcə onu qeyd etmək yerinə düşər ki, Azərbaycan və alman xalqları arasındakı əlaqələrin zəngin tarixi var. 200 il əvvəl, XIX əsrin əvvəllərində Azərbaycan ərazisinə alman ailələrinin köçürülməsi ilə başlanan bu əlaqələr növbəti tarixi mərhələlərdə inkişaf edib. Alman sənayeçilər XIX əsrin ikinci yarasında Gədəbəy ərazisində misəritmə və kobalt zavodları inşa ediblər. XX əsrin əvvəllərində Bakının memarlıq ansamblının formalaşmasında alman memarları da iştirak ediblər. Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin deputatlarından biri alman Lorentz Kuntz olub.

Əlbəttə ki, tarixdən süzülüb gələn siyasi, mədəni və iqtisadi hadisələr müasir Azərbaycan-Almaniya münasibətlərinin təməlində dayanan mənəvi faktorlardır. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra iki dövlət arasında əsası qoyulan siyasi-diplomatik, iqtisadi və mədəni-humanitar əlaqələr ötən 30 ildən artıq bir müddətdə yüksələn xətlə inkişaf edib. 2025-ci ilin aprel ayında Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana etdiyi rəsmi səfər göstərdi ki, siyasi dialoq konstruktiv tərəfdaşlığa əsaslanmaqla davam edir. Prezident İlham Əliyevin bir neçə gün öncə Almaniyaya etdiyi rəsmi səfər isə Azərbaycan-Almaniya münasibətlərini tamamilə yeni keyfiyyət mərhələsinə yüksəldir.

Səfərin əsas siyasi hadisəsi “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin imzalanmasıdır. Azərbaycan-Almaniya münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyan bu sənəd əməkdaşlığı vahid strateji gündəlik ətrafında sistemləşdirir. Yəni, siyasi dialoq, iqtisadiyyat, enerji, təhlükəsizlik, müdafiə, elm, texnologiya, təhsil və humanitar sahələr vahid çərçivədə birləşdirilir. Bununla da Azərbaycan-Almaniya münasibətləri sektoral əməkdaşlıqdan çıxarılaraq çoxölçülü strateji tərəfdaşlıq modelinə keçirilir. Bu baxımdan Birgə Bəyannamə Azərbaycan-Almaniya münasibətlərinin strateji institusionallaşdırılmasını təmin edən mühüm siyasi sənəddir və mahiyyət etibarilə Azərbaycanın Avropanın aparıcı dövlətləri ilə etimada əsaslanan uzunmüddətli tərəfdaşlıq siyasətinin növbəti mühüm mərhələsini əks etdirir. Prezident İlham Əliyev Berlində mətbuata bəyanatla çıxışında Birgə Bəyannamə ilə bağlı deyib: “Əminəm ki, bu gün imzalanmış sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq. Biz artıq strateji dialoqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq. Eyni zamanda, iqtisadi əlaqələrin genişləndirilməsi üçün bu gün imzalanmış Birgə Bəyannamə əminəm ki, çox fəal işləyib yaxşı nəticələr hasil edəcəkdir”.

İtaliyadan sonra Almaniya ilə belə bir strateji tərəfdaşlıq sənədinin imzalanması Azərbaycanın Avropanın iki ən böyük sənaye və iqtisadi gücü ilə münasibətlərini strateji səviyyəyə yüksəltdiyini nümayiş etdirir. Görünən odur ki, Azərbaycanın Avropanın aparıcı siyasi və iqtisadi gücləri ilə münasibətlərinin dərinləşməsi ardıcıl xarakter alır.

Cənab Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri zamanı eyni zamanda Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə imzalanıb. Bu sənəd iki ölkənin iqtisadi münasibətlərinin yeni institusional mərhələyə keçidini təmin edir, dövlət qurumları ilə özəl sektor arasında sistemli, davamlı və nəticəyönümlü dialoq mexanizmi formalaşdırır. Şura biznes dairələri arasında birbaşa əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi üçün platforma rolunu oynayacaq. Şuranın yaradılması Almaniyanın Azərbaycanın iqtisadi potensialına, investisiya imkanlarına və regional bağlantı roluna artan marağının göstəricisidir.

İndiyə qədər Azərbaycanla Almaniya arasında iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edib. Hazırda respublikamızda 200-dən artıq alman şirkəti aktiv fəaliyyətlə məşğuldur. Eyni zamanda Azərbaycanın təbii qaz ixrac etdiyi 10 Avropa İttifaqı üzvü arasında Almaniya da var. Prezident İlham Əliyevin dediyi kimi Azərbaycan öz neftini də Almaniyaya ixrac edir və gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir. Kansler Fridrix Merts də Azərbaycanla əməkdaşlıq edərək Almaniyanın enerji təchizatını daha da şaxələndirmək istədiklərini bəyan etdi və bu, deməyə əsas verir ki, enerji sahəsində əməkdaşlıq qarşıdakı illərdə daha da dərinləşəcək. Əlbəttə ki, Biznes Şurasının yaradılması enerji təhlükəsizliyi sahəsindəki əlaqələrin inkişafına böyük töhfə verəcək.

Bu səfərin ən mühüm siyasi mesajlarından biri də bu oldu ki, Almaniya Azərbaycanın regionda yaratdığı reallıqları qəbul edir. Fridrix Mertsin Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasına nail olmağı münasibətilə Prezident İlham Əliyevi təbrik etməsi, onilliklər davam etmiş münaqişəni aradan qaldırmaq fürsətinin yaranmasını bildirməsi, habelə, regiondakı sabitliyin ölkələrimiz arasında iqtisadi sahədə geniş əməkdaşlıq üçün yeni imkanlar yaratdığını vurğulaması göstərir ki, rəsmi Berlin Azərbaycanın liderliyi ilə Cənubi Qafqazda formalaşan yeni reallıqları tam qəbul edir.

Əlbəttə, Avropa İttifaqının aparıcı dövlətlərindən olan, qlobal siyasi və iqtisadi arenada özünün xüsusi yeri ilə fərqlənən Almaniyanın bu mövqeyi olduqca mühümdür. Siyasi baxımdan bu, Azərbaycanın böyük uğurudur. İqtisadi tərəfinə gəldikdə isə, rəsmi Berlinin belə mövqedə olması yaxın gələcəkdə Azərbaycanla Almaniya arasındakı iqtisadi tərəfdaşlığın daha da dərinləşdirilməsi deməkdir. Çünki Almaniya kimi dövlətlər iqtisadi əlaqələrdə, o cümlədən, investisiya məsələlərində sabitlik faktoruna olduqca böyük önəm verirlər.

Almaniya Azərbaycanın regionda yaratdığı yeni bağlantılara da böyük maraq göstərir. Fridrix Mertsin “Cənubi Qafqazın Avropa ilə Asiya arasında körpü kimi əhəmiyyəti də artır. Yeni nəqliyyat və ticarət dəhlizləri birgə istifadə etmək istədiyimiz iqtisadi potensialı yaradır” deməsi də bunu təsdiq edir. Göründüyü kimi, Azərbaycanın Avrasiya coğrafiyasında əməkdaşlığın daha da inkişafına yol açan fəaliyyəti Almaniyanın diqqətini cəlb edir. Rəsmi Berlin bütün bunları təqdir etməklə, Azərbaycanın təşəbbüsləri və töhfələri ilə yaranan nəqliyyat bağlantılarını özünün iqtisadi maraqları baxımından düzgün dəyərləndirir.

Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən xarici siyasət və ardıcıl diplomatiya nəticəsində Azərbaycan bu gün regionun aparıcı dövləti olmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində orta güc statusunu möhkəmləndirən nüfuzlu aktora çevrilib. Məhz buna görə ölkəmiz Avropa İttifaqı və onun aparıcı dövlətləri tərəfindən etibarlı siyasi, iqtisadi və enerji tərəfdaşı kimi qəbul olunur. Son aylarda Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın, İtaliya Nazirlər Şurasının Sədri Ciorcia Meloninin, eləcə də Çexiya, Latviya, Litva və Slovakiya rəhbərlərinin Azərbaycana səfərləri bunun əyani təsdiqidir. Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri isə bu prosesin məntiqi davamı olmaqla, bir daha aparıcı Avropa dövlətlərinin Azərbaycana artan maraqlarını və onların ölkəmizlə strateji əməkdaşlığı daha da dərinləşdirmək niyyətlərini nümayiş etdirdi.

Prezident İlham Əliyevin Almaniyaya səfəri bütün uğurlu siyasi-iqtisadi nəticələri ilə yanaşı, Qərbi Avropa ölkələrində məskunlaşmış antimilli ünsürlərin növbəti fiaskosu oldu. Bu gün Qərbi Avropadan Azərbaycana hədyanlar yağdıran, dövlətimizin və xalqımızın uğurlarına qara yaxmağa çalışan, bu məqsədlə ermənipərəst siyasi mərkəzlərin himayəsinə sığınaraq onlarla əməkdaşlıq edən, qaragüruh qruplaşmanın təmsilçilərinin bir qismi Almaniyada məskunlaşıb. Onların və digər Avropa dövlətlərində daldalanan vətən xainlərinin sosial şəbəkələrdə dəridən qabıqdan çıxaraq təlqin etməyə çalışdıqları yalanlardan biri guya Avropa İttifaqının və onun aparıcı dövlətlərinin Azərbaycanla münasibətlərin inkişafında maraqlı olmamasıdır. Digər yalanları isə guya Avropa İttifaqının Azərbaycandan təbii qazın ixracına qarşı çıxmasıdır.

Əlbəttə, bu yalanların hər biri illər öncə ifşa olunub. Üstəlik, yuxarıda qeyd etdiyim kimi, Avropa İttifaqı rəsmilərinin və adları çəkilən ölkələrin rəhbərlərinin Azərbaycana səfərləri göstərdi ki, başda Almaniya və İtaliya kimi aparıcı dövlətlər olmaqla Avropanın özü Azərbaycanla əlaqələrin inkişafına maraq göstərir. Prezident İlham Əliyevin Almaniyaya səfəri də bunu təsdiq etdi. Bu mənada cənab İlham Əliyevin Almaniyaya səfəri antimilli qruplaşmanın növbəti məğlubiyyəti oldu. Beləliklə, bu qruplaşmanın fəaliyyəti Azərbaycanın diplomatik uğurları qarşısında puça uğradılır. Həmin satqınların ictimai rəyə təsir etmək cəhdlərinin qarşısını həm də Avropa dövlətlərin özləri alır. Ona görə də ölkəmizə qarşı dezinformasiya və qərəzli kampaniyalar aparanların iflası artıq geri dönüşü olmayan bir mərhələyə qədəm qoyub.

Xanlar Fətiyev,

Milli Məclisin deputatı

Xəbər lenti

Xəbər lenti