Bakı.Trend:
“Zəng etmək” bəhanəsi ilə zərərçəkəni aldadıb mobil bank tətbiqindən oğurluq edən şəxs saxlanılıb.
Trend-in əldə etdiyi məlumata görə, paytaxtın Nizami rayonunda yerləşən hotellərin birində talama faktı qeydə alınıb. Zərərçəkən polisə müraciət edərək bank kartından 1800 manat oğurlandığını bildirib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə hadisəni törətməkdə şübhəli bilinən 28 yaşlı Y.Hüseynzadə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun hoteldə zərərçəkənə yaxınlaşıb “zəng etmək” bəhanəsi ilə telefonunu alaraq mobil tətbiqində olan pul vəsaitini oğurladığı məlum olub.
Sumqayıt şəhərində isə zavodların birindən 30 kiloqram elektrik naqili oğurlamaqda şübhəli bilinən 34 yaşlı M.Qasımov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.
