Bakı.Trend:
Macarıstan çərşənbə günü keçirilən texniki iclas zamanı Ukrayna və Moldovanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı danışıqlarda növbəti prosedur mərhələsinin başlanmasını bloklayıb.
Bu barədə "Euractiv" portalı diplomatlara və rəsmi şəxslərə istinadən məlumat yayıb.
Məlumata görə, danışıqlarda irəliləyiş əldə olunmadığı üçün növbəti texniki iclasın sentyabrın 1-də keçirilməsi planlaşdırılır və həmin tarixədək prosesdə hər hansı irəliləyiş gözlənilmir.
Avropa Komissiyası iyun ayında Ukrayna və Moldova ilə Aİ-nin əsas dəyərləri klasteri üzrə danışıqlara başlayarkən iyul ayında digər bütün klasterlər üzrə də məsləhətləşmələrə başlamağı planlaşdırdığını bildirmişdi.
Aİ-yə üzvlüklə bağlı danışıqlar prosesi 33 fəsildən ibarətdir və onlar öz növbəsində altı klasterdə birləşdirilib. Danışıqların başlanması üzvlük üçün konkret vaxt çərçivəsi müəyyən etmir və Aİ-yə qəbul olunmağa zəmanət vermir. Məsələn, 2027-ci ildə Aİ-yə qoşula biləcəyi ehtimal olunan Monteneqro artıq 14 ildir üzvlük danışıqları aparır. Türkiyə isə faktiki olaraq üzvlük perspektivi olmasa da, rəsmi namizəd statusunu saxlayır və təxminən 21 ildir üzvlüklə bğlı danışıqları davam etdirir.
