Beş din bir səma altında – "Rux Ordo" Mədəniyyət Mərkəzindən REPORTAJ (FOTO)

Cəmiyyət Materials 24 İyul 2026 16:00 (UTC +04:00)
Beş din bir səma altında – "Rux Ordo" Mədəniyyət Mərkəzindən REPORTAJ (FOTO)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Çoplon-Ata.Trend:

Elə məkanlar var ki, onları ziyarət etdikdən sonra insan təkcə gözəl şəkil çəkmək deyil, həm də bir anlıq dayanıb düşünmək istəyir. Qırğızıstan tərəfinin dəvəti ilə bu ölkəyə səfər edən Azərbaycan KİV nümayəndələri üçün İssık-Kul gölünün sahilində yerləşən "Rux Ordo" Mədəniyyət Mərkəzi də məhz belə yerlərdən biridir.

İssık-Kulun mavi suları fonunda beş ağ rəngli ibadətgah ucalır. Uzaqdan baxanda onların hamısı eyni görünür. Lakin ekskursiya zamanı bu memarlıq həllinin əsas mənası aydın olur. Hər ibadətgah beş dünya dinindən birinə – islam, pravoslavlıq, katoliklik, buddizm və yəhudiliyə həsr olunub. Onların eyni görünüşdə inşa edilməsi təsadüfi deyil. Kompleksin banisi bununla dinindən asılı olmayaraq, bütün insanların Tanrı qarşısında bərabər olduğunu göstərmək istəyib.

Birlik və qarşılıqlı hörmət ideyası "Rux Ordo"nun bütün ərazisində hiss olunur. Bura adi muzey təsiri bağışlamır. Əksinə, tarixin, mədəniyyətin və mənəvi dəyərlərin təbiətlə vəhdət təşkil etdiyi, fonunda isə sonsuz görünən İssık-Kulun uzandığı xüsusi bir məkandır.

Kompleksi yaradan insanın taleyi də ən az onun özü qədər təsirlidir. "Rux Ordo"nun banisi, tanınmış ictimai xadim və mesenat Taşkul Kereksizov uşaq evində böyüyüb və valideynlərini heç vaxt tanımayıb. O, adını, atasının adını və soyadını özü seçib. Xüsusilə soyadı rəmzi məna daşıyır. Qırğız dilində "kereksiz" sözü lazımsız, gərəksiz mənasını verir. O, bu soyadı yetim uşaqlıq illərini xatırlayaraq özü üçün seçib. Lakin məhz həmin insan sonradan müxtəlif millətlərdən, mədəniyyətlərdən və dinlərdən olan insanları bir araya gətirən belə bir məkan yaradıb.

Lakin "Rux Ordo"nun ən böyük gözəlliyi, bəlkə də, elə onun təbiətidir. Təbii akustikaya malik açıq konsert zalı, panoramik səhnə və məşhur körpü sanki İssık-Kulun davamına çevrilir. Burada elə təsəvvür yaranır ki, göl muzey ekspozisiyalarının dərhal arxasından başlayır, dağların təmiz havası və dalğaların səsi isə gəzintini unudulmaz səyahətə çevirir.

2002-ci ildə əsası qoyulan "Rux Ordo" Mədəniyyət Mərkəzi 4,5 hektar ərazini əhatə edir və uzun illərdir Çolpon-Atanın əsas gəzməli-görməli yerlərindən biri hesab olunur. Buraya insanlar təkcə muzeyləri və ya abidələri görmək üçün gəlmirlər. "Rux Ordo" qonaqları özünəməxsus atmosferi ilə cəlb edir. Bu, mədəniyyətlə təbiətin qovuşduğu, tarixin müasirliklə vəhdət təşkil etdiyi, müxtəlif dinlərə mənsub insanlar arasında qarşılıqlı hörmət ideyasının real təcəssüm tapdığı bir məkandır.

Komplekslə tanışlıq zamanı jurnalistlər görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun ev-muzeyini ziyarət edib, qırğız mədəniyyətinə həsr olunmuş ekspozisiyalarla tanış olublar. Onlar həmçinin rəsm və foto qalereyalarına baş çəkib, əfsanəvi "manasçı" Sayakbay Karalayevin guşəsi, etnoqrafik kolleksiyaları, görkəmli şəxsiyyətlərə həsr olunmuş abidələri və heykəllər xiyabanını görüblər.

Azərbaycan media-turunun iştirakçıları üçün "Rux Ordo" ilə tanışlıq Qırğızıstanı fərqli rakursdan görmək imkanı yaradıb. Bura möhtəşəm dağ mənzərələri ilə yanaşı, mənəvi, mədəni və tarixi irsini böyük qayğı ilə qoruyan və onu dünyanın müxtəlif ölkələrindən gələn qonaqlara təqdim edən bir ölkədir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti