Bakı.Trend:
Ukraynanın Çerniqov şəhərində hərbçiləri blokpostda partlatmağa cəhd etməkdə şübhəli bilinən qız saxlanılıb. O, əsgərlərə “McDonald's” yeməyi adı altında, burgerin içərisində gizlədilmiş əldəqayırma partlayıcı qurğu verib.
Bu barədə “RBK-Ukrayna” Çerniqov vilayəti polisinin məlumatına istinadən xəbər yayıb.
Hərbçilər təhlükəsizlik qaydalarına uyğun hərəkət edərək paketləri dərhal blokpostdan və insanlardan uzaq məsafəyə aparıblar. Məhz bu addım onların həyatını xilas edib. Çünki paketlərdən birindəki burgerin içərisində əldəqayırma partlayıcı qurğu aşkar edilib.
Şübhəli şəxs Ukrayna Milli Polisi, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və prokurorluq əməkdaşlarının birgə əməliyyatı nəticəsində saxlanılıb.
Polisdən bildirilib ki, hazırda istintaq çərçivəsində zəruri prosessual tədbirlər davam etdirilir və saxlanılan şəxsə rəsmi ittihamın elan olunması məsələsinə baxılır. Hüquq-mühafizə orqanları iş üzrə əlavə təfərrüatların daha sonra açıqlanacağını bildiriblər.
