Bakı. Trend:
Berlin polisi Almaniyanın paytaxtının mərkəzində, Tierqarten parkı yaxınlığında avtomobili insanların üzərinə sürməkdə şübhəli bilinən şəxsin xüsusi əməliyyat zamanı güllələnərək öldürüldüyünü təsdiqləyib.
"Yerli vaxtla saat 18:00 radələrində (Bakı vaxtı ilə 21:00) dünən Böyük Tierqarten ərazisində törədilmiş terror aktında şübhəli bilinən şəxs Şpandau rayonunda yerləşən bağçılıq cəmiyyətinin ərazisində aşkarlanıb. İlkin məlumata görə, o, əlində soyuq silahla əməkdaşlarımıza doğru qaçıb. Bundan sonra Berlin xüsusi təyinatlı polis qüvvələri odlu silahdan istifadə ediblər. Berlin Yanğından Mühafizə Xidmətinin əməkdaşları dərhal reanimasiya tədbirlərinə başlasalar da, şəxs hadisə yerində ölüb", – deyə hüquq-mühafizə orqanlarının X sosial şəbəkəsində yaydığı məlumatda bildirilir.
Polisin məlumatına görə, zərərsizləşdirilən şəxs ötən gün ağ rəngli avtomobili əvvəlcə piyadaların üzərinə sürüb, daha sonra avtomobil ağaca çırpılıb. Bundan sonra "soyuq silahla digər piyadalara hücum edib və onlara da ağır xəsarətlər yetirib" və hadisə yerindən qaçıb.
Hücum zamanı istifadə olunan avtomobil Berlin qeydiyyat nişanlı Citroën SpaceTourer markalı minivendir.
Parkda, o cümlədən termal kameralarla təchiz olunmuş helikopterlərin köməyi ilə geniş axtarış aparılmasına baxmayaraq, polis hadisədən sonrakı ilk dəqiqələrdə şübhəlini tapa bilməyib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, o, yalnız bazar günü Berlinin Şpandau rayonunda keçirilən genişmiqyaslı xüsusi əməliyyat zamanı zərərsizləşdirilib. Onun 21 yaşlı, Livan əsilli Almaniya vətəndaşı Əbdül Ballut olduğu bildirilib. O, çoxsaylı hüquq pozuntuları, radikallaşması və islamçı dairələrlə əlaqələri səbəbindən hüquq-mühafizə orqanlarına tanış şəxs olub.
Der Spiegel jurnalı və Bild qəzetinin məlumatına görə, Əbdül Ballut 2025-ci ildə Suriyada fəaliyyət göstərən "İslam Dövləti" terror təşkilatına qoşulmağa cəhd edib, lakin Livanda saxlanılıb. Daha sonra Almaniyaya qaytarılan Ballut həmin KİV-lərin yazdığına görə, 2026-cı ildə başqa bir cinayət işi üzrə "dövlət təhlükəsizliyini təhdid edən ağır zorakılıq aktının hazırlanması" ittihamı ilə məhkum edilib.
