Bakı.Trend:
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) iyulun 25-29-da ölkə ərazisində gözlənilən isti hava ilə əlaqədar hərəkət iştirakçılarına xəbərdarlıq edib.
BDYPİ-dən bildirilib ki, yüksək temperatur sürücülərdə diqqətin azalmasına, tez yorulmaya, reaksiya müddətinin uzanmasına, eləcə də səhhətdə qəfil narahatlıqların yaranmasına səbəb ola bilər. Bu amillər isə yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır.
İdarə xüsusilə yaşlı sürücülərə, ürək-damar, arterial təzyiq, şəkərli diabet və digər xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərə günün ən isti saatlarında zərurət olmadıqda səfərə çıxmamağı tövsiyə edib.
Digər sürücülərə isə nəqliyyat vasitələrinin texniki sazlığını, xüsusilə soyutma və əyləc sistemlərini, təkərlərin və kondisionerin vəziyyətini əvvəlcədən yoxlamaq, uzunmüddətli səfərlər zamanı mütəmadi fasilələr vermək, halsızlıq, başgicəllənmə, yuxululuq və ya digər narahatlıq hiss etdikdə hərəkəti dayandırmaq, sürət həddinə riayət etmək və riskli manevrlərdən çəkinmək tövsiyə olunub.
BDYPİ həmçinin azyaşlı uşaqların avtomobildə nəzarətsiz saxlanılmamasını, günəş altında qalmış nəqliyyat vasitəsinin isə hərəkətə başlamazdan əvvəl havalandırılmasını vacib hesab edib.
Qurum sürücüləri hava şəraitini nəzərə almağa, səfərlərini imkan daxilində günün nisbətən sərin saatlarına planlaşdırmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə və özlərinin, eləcə də digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükə altına qoyacaq davranışlardan çəkinməyə çağırıb.
