Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Ağsu rayon “Az-Granata” MMC-nin Şirə və şərab emalı zavodunda “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda yanğın-taktiki təlim keçirilib.
Nazirlikdən bildirilib ki, FHN-in müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd “Az-Granata” MMC-nin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı davranış qaydalarının aşılanması, habelə bu kimi obyektlərdə mümkün yanğınlar zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi olub.
Təlimin nəzəri hissəsində zavodun kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb. Praktiki hissədə şərti yanğınla əlaqədar “Həyəcan” siqnalı verildikdən sonra Ağsu Rayon Yanğından Mühafizə Hissəsi ilə yanaşı Kürdəmir və Göyçay rayonlarının Yanğından Mühafizə hissələrinə məxsus qüvvələr əraziyə cəlb olunub. Yanğından mühafizə qüvvələri şərti yanğın yerinə operativ qaydada çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Həmçinin şərti yanğın baş vermiş ərazidə təxliyə planına uyğun olaraq işçilərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış şəxslərə “ilkin yardım göstərilib” və “yanğın qısa müddətdə söndürülüb”.
Daha sonra təlimdə əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.